Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri : “Təhsil alanlar gələcəyini müəllimdə axtarırlar”-MÜSAHİBƏ

           Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri : “Təhsil alanlar gələcəyini müəllimdə axtarırlar”-MÜSAHİBƏ

 

MÜXBİR:-Zərifə xanım, ilk növbədə sizi Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmanız münasibətilə təbrik etmək istərdik. Bilirik ki, Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə də elə bu postdan irəli çəkilmisiniz. Maraqlıdır, bu illər sizə nə verdi?

Z.M.:-Təşəkkür edirəm. Bəli, söylədiyiniz kimi, bir müddət Təhsil Şöbəsinə rəhbərlik edəndən sonra mənə belə bir etimad göstərildi. Amma deyim ki, İcra Hakimiyyətində işlədiyim dövrdə də  Təhsil Şöbəsinin fəaliyyətini yaxından izləmişəm, məktəblərlə sıx əlaqələrim olub. Bu illər isə, əlbəttə ki, əbəs yerə keçməyib, xüsusi ilə də idarəetmə  sahəsində təcrübəmi bir qədər də artırmağa imkan yaradıb.

MÜXBİR:-Çox gözəl. Statusunuz imkan verir ki, növbəti sualım birbaşa Yevlax təhsili ilə bağlı olsun. Necə bilirsiniz, Yevlax təhsilinin durumu qənaətbəxşdirmi? Təhsildə səviyyəni artırmaq üçün hansı addımların atılması vacibdir?

Z.M.:- Yevlax təhsilinin nailiyyətlərinə əsaslanaraq nəticələrin xeyli yüksək olduğu qənaətini bölüşmək istərdim. Bu nailiyyətlər hansılardır? Tam orta təhsili “qızıl” və “gümüş” medalla bitirənlər var, ali məktəblərə qəbulda məzunlar yaxşı nəticələr göstərir, yüksək  bal toplayırlar. Fənn olimpiadalarında belə “qızıl” və “gümüş” medallara layiq görülənlərimiz olmuşdur. Amma təhsil elə bir sahədir ki, daim yenilənmək, ən mütərəqqi metodları tətbiq etmək, inkişafda olmaq vacibdir. Təhsilin idarə olunması sahəsində bütün parametrlər üzrə tələbkarlığın artırılması, fikrimcə, bu uğurları daha da artırardı. Təhsilin səviyyəsinin artırılması isə yeniliklərin tətbiqindən, məktəblərin İKT ilə təminatından, müəllimlərin kommunikativ bacarıqlarının artırılmasından çox asılıdır. Kurikulum tətbiqi təhsilin məzmununa bir yenilik gətirsə də, keyfiyyətin artırılması təhsil verənlərin peşəkarlığından, bilik və bacarığından, işə münasibətindən asılıdır. Müəllim  özünün 5, 10 il və daha əvvəlki səviyyəsi ilə bugünün təhsilini təmin edə bilməz. O, öz üzərində daim işləməli, dünyanın elmi-texniki tərəqqi  nailiyyətlərindən xəbərdar olmalı və onları şagirdlərə çatdırmalıdır. Çalışırıq ki,  valideyn-məktəb əlaqələrinin yenilənməsi, məktəb rəhbərlərinin məsuliyyətinin artırılması istiqamətinə yönəlik  tədbirləri daha da gücləndirək.

MÜXBİR:- Hazırda belə yanaşmalar tez-tez ifadə olunur ki, təhsilin səviyyəsinin artırılması müəllimlərin cəmiyyətdəki nüfuzunun artırılmasından keçir, müəllimlərin aldıqları əmək haqqının miqdarı da təsiredici bir amildir. İstərdik ki, müəllim nüfuzunun artırılması, onlara dövlət qulluqçusuna bərabər statusun verilməsi barədə fikirlərinizi bölüşəsiniz.

Z.M.:-Müəllim təhsilin əsas simasıdır. Elə bir peşə sahibidir ki, təhsil alan hər kəs  özünün gələcəyini onda axtarır. Bəşəriyyətin tarixi boyu müəllimin cəmiyyətdə oynadığı rol dəyişmir. Lakin dövr dəyişdikcə onun funksiyalarına tələblər dəyişir. Bu mənada, cəmiyyətdə müəllimin nüfuzunu artırmaq, sosial müdafiəsini təmin etmək üçün dövlət qulluqçusuna  bərabər statusun verilməsi məqsədəuyğun olardı.

MÜXBİR:-Məlumdur ki, müəllimin peşə ustalığının və ixtisas səviyyəsinin artırılmasında metodik işin rolu böyükdür. Fəaliyyətinizdə metodik işin önəmini artırmaq üçün hansı yenilikləri etməyi düşünürsünüz?

Z.M.:- Pedaqoji kadrlarla aparılan metodiki işin istiqamətləndirilməsi  onların peşə ustalığı və ixtisasının artırılması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni pedaqoji texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində məktəb və metodbirləşmə rəhbərlərinin təlimatlandırılması çox vacib məsələdir. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, istedadlı şagirdlərlə, gənc müəllimlərlə işin təşkili və digər sahələr üzrə metodiki xidmətin təşkili olduqca zəruridir. Metodiki kabinetin əməkdaşları məsləhətçilərin işini təkrar edir. Ona görə də metodiki xidmətin daha əlverişli, səmərəli, təhsil sistemi işçiləri tərəfindən qəbul edilə bilən modelini yaratmaq məqsədəuyğun olardı.

MÜXBİR:-Müəllimlərin əmək haqqının artırılması onların diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra həyata keçirilir. Yəni bu iş mərhələli şəkildə, bölgələr üzrə aparılır. Yevlaxın pedaqoji ictimaiyyəti üçün də maraqlı olar ki, diaqnostik qiymətləndirmədən onlar nə vaxt keçəcəklər?

Z.M.:- Əvvəla onu qeyd etmək istərdim ki, bu diaqnostik qiymətləndirmə özü hər bir müəllimdə məsuliyyət hissi yaradır. Şagirdinin imtahandan, hansısa qiymətləndirmədən aşağı nəticə göstərməsini pis bir hal kimi qəbul edən müəllim özü qiymətləndirmədən bu vəziyyətdə çıxmasını heç vaxt arzulamaz. Odur ki, çalışar, öyrənər, öz izərində işləyər. Bundan başqa, müəllimlərin sosial durumunun yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin rifah halını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik  qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamına əsasən dövlət ümumtəhsil məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakı şəhərindən başlanılmış və artıq respublikanın daha 12 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Çox ehtimal ki, rayonumuzun müəllimləri də bu qiymətləndirmədə iştirak edəcəklər.

MÜXBİR:-Bilirsiniz ki, ümmi təhsilin 12 illik təhsil modelinə keçid gündəmdədir. Bəziləri belə rəydədirlər ki, bu, təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Siz necə fikirləşirsiniz?

Z.M.:- Dövlət Strategiyasından irəli gələn vəzifələrdən biri olan 12 illik təhsilə keçid artıq reallaşmaq üzrədir. Ölkəmizdə aparılan islahatyönümlü işlərin biri kimi, 12 illik təhsilin modelinin yaradılması məzmun və strukturunun hazırlanması istiqamətində müzakirələr aparılır. Şagird şəxsiyyətinin inkişafını nəzərə alan tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq edilməsi ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm yenilik və uğurlu bir addımdır. 10 illik icbari ümumorta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sisteminin yaradılması nəzərdə tutulur. Bu sahədə pilot layihələr 2011-2012-ci  dərs ilindən tətbiq olunmağa başlamış, 2015-2016-cı tədris ilində onların şəbəkəsi bir qədər də genişləndirilmişdir. “Təhsil haqqında” Qanunda 9 illik ümumi orta təhsil icbari təhsil müddəti kimi təsbit olunmuşdur və ölkəmizdə icbari ümumi orta təhsil üzrə ilk buraxılış 2016- 2017-ci dərs ilinə təsadüf edəcəkdir. Həmin buraxılışın ilk məzunları 2008-2009- cu dərs ilində yeni təhsil proqramları (kurikulumları) ilə təhsilə cəlb olunmuş şagirdlər olacaqdır. Yalnız bundan sonra təmayülləşmənin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

MÜXBİR:- “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim”. Bu nominasiyalardan birinin-“Ən yaxşı ümumtəhsil məktəbi”nin şəhərimizdə 3 qalibi var-8,9 və 5 nömrəli məktəblər. Qənaətinizcə, daha hansı məktəblər bu nominasiyaya iddialıdır. Digər bir sual, “Ən yaxşı müəllim” adını haqq edən onlarla müəllimimiz olduğu halda, nədən hələ nəticə yoxdur?

Z.M.:- Mən də o faktı böyük fərəh hissilə qeyd etmək istəyirəm ki, artıq 3 məktəbimiz “Ən yaxşı ümumtəhsil məktəbi”nin qalibləri sırasındadır. 5 nömrəli tam orta məktəb bu mükafata ötən tədris ilində layiq görülüb. Yeri  gəlmişkən, bir daha məktəbin müəllim və şagird kollektivini təbrik edir, uğurlarını daim yeniləməyi arzulayıram. Onu da deyim ki, Şəhər Təhsil Şöbəsi hər il keçirilən müsabiqələrdə iştirak edir. Ümidvaram ki, qarşıdan gələn illərdə belə nümunəvi məktəblərimizin sayı daha da artacaq. “Ən yaxşı müəllim” adını indiyədək şəhərimizdə bir müəllimin belə layiq görülməməsinə gəlincə, bildirməliyəm ki, hər il mütəmadi olaraq bu müsabiqədə 2-3 nəfər müəllimimiz iştirak etsə də, qalib gələn olmamışdır. Görünür, bu sahədə də xeyli çalışmalı, müəllimlərlə metodiki işi canlandırmalı, tədris prosesinin müasir təlim metodları əsasında qurulmasına xüsusi diqqət yetirməliyik.

MÜXBİR:-Azərbaycan Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” təhsil sferasında irəliyə doğru atılmış uğurlu bir addımdır. Sözügedən sənəddə təhsilin idarə olunması ilə bağlı tamamilə yeni mexanizm nəzərdə tutulur. Sizcə, bu yeni mexanizm Yevlaxın təhsil müəssisələrində öz layiqli yerini tuta bilirmi?

Z.M.:-Respublikamız hazırda  intensiv təhsil islahatları dövrünü yaşayır. Son illər ərzində təhsil sahəsində aparılan ən böyük yenilik dövlətimizin başçısı tərəfindən qəbul edilən sözügedən  təhsilin inkişafı üzrə dövlət Strategiyası olmuşdur. Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilmiş və icrasına başlanmışdır. Bu mühüm sənəd Azərbaycan təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin bütün sahələrdə bağlantısını əks etdirən, istər təhsil işçiləri, istərsə də cəmiyyətin digər təbəqələri tərəfindən görülməsi vacib olan işləri əhatə edən və bununla da təhsil sahəsində islahatların prioritetliyini müəyyən edən Dövlət Strategiyası sahəsində ilk sənəddir.

İslahatlar yeni başlayıb və əlbəttə ki, bir sıra sahələrdə artıq nəticələri də göz qabağındadır. Demək olar ki, bütün sahələrdə müvafiq dəyişikliklər olmuşdur. Xüsusilə də ümumi təhsil sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni məzmun və texnologiyaların yaradılması, müəllim kadrlarının hazırlanması istiqamətində böyük işlər görülmüş, müəllimlərin işə qəbulunun tənzimlənməsi, vətəndaşların qəbul qaydaları, uşaqların ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi qaydaları, müəllimlərin etik davranış qaydalarının təsdiq edilməsi təhsilin müxtəlif sahələrində artıq öz bəhrəsini verir. Təbii ki, Azərbaycan təhsilinin tərkib hissəsi olan Yevlax təhsili də bütün bu proseslərdən kənarda qalmayıb. Yeni mexanizmin Yevlaxın təhsil müəssisələrində öz layiqli yerini tutması ulu öndərin söylədiyi kimi, millətin gələcəyi olan təhsilin taleyinə cavabdeh olan təhsil işçilərinin məsuliyyətini artırır, onlardan daha artıq çalışmağı tələb edir.


Açar sözlər: