16.06.2016

Şəhər 9 nömrəli tam orta məktəbdə Son Zəng tədbiri təntənəli şəkildə qeyd olundu.

Şəhərimizin qocaman təhsil  ocaqlarından biri olan  9 nömrəli tam orta məktəbdə də Son Zəng tədbiri məzunların və iştirakçıların ürəyincə təşkil olunmuşdu. Məktəbin al-əlvan bəzədilmiş geniş həyətində düzənlənən tədbiri direktor, respublikanının əməkdar müəllimi Şükür Mehdiyev  açaraq  ilk  öncə XI sinfi  bitirərək  müstəqil  həyata qədəm  qoyacaq 50 nəfər məzuna ən xoş  arzularını yetirdi və gələcək imtahanlarda onlara uğurlar  dilədi.  Ümidvar olduğunu bildirdi ki, bu günkü məzunlar dövlət başçısı İlham Əliyev cənablarının  və ölkənin birinci  xanımı  Mehriban Əliyevanın təhsilə göstərdiyi intəhasız diqqət  və qayğısını  vətənə layiq övlad kimi yetişməklə  doğruldacaqlar. Məktəbin 70- ci yubiley buraxılışı olduğunu diqqətə  çatdıran  direktor onu da xüsusi  qürurla vurğuladı ki,   məzunlarımızdan XIa sinif şagirdi Şəms Səfərəliyeva və XIb sinif şagirdi Sevinc Sadıqova məktəbi qızıl medala, XIb sinif şagirdi Rufana Quliyeva isə gümüş medala layiq olmaqla bitirirlər ki, bu da pedaqoji kollektivimizin yola saldığımız tədris ilində əldə etdiyi daha bir müvəffəqiyyətin göstəricisidir.

            Son Zəng tədbirində iştirak edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli  Quliyev məzunları təbrik etdi. Gəncləri memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycanı daha işıqlı və xoşbəxt sabahlara qovuşdurmaq yolunda möhkəm əqidə və siyasi iradə nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırdı.

Məktəbin müəllimlərindən Cahan Quliyeva, Şölə Məmmədova, valideynlərdən Əfqan Qurbanov və başqaları da sevinc və ayrılığın  kövrək notları ilə köklənmiş tədbirdə çıxış  etdilər, uşaqlarla birgə oxudular, rəqs etdilər, əyləndilər, özlərinin böyüklük, valideynlik və müdriklik xeyir-dualarını verdilər.

Məktəbi bitirən 50 məzunun  yerini isə qarşıdakı dərs ilində  105  qönçə bala tutacaq.