8 nömrəli tam orta məktəbin zövqlə bəzədilmiş həyətində Son Zəng tədbirinə qatılan 61 nəfər yeniyetmə ümid, həyəcan, gözlənti dolu qapının üzlərinə açılacağı anı, dəqiqəni gözləyirdilər.
Tədbiri giriş sözü ilə açan sözügedən məktəbin direktoru Mehriban Məcnunova dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, gənclərin daim irəliyə addım atması üçün mükəmməl şərait yaratdığından arqumentlərin dili ilə söz açdı, məzunları və onların müəllimlərini, valideynlərini təbrik edərək uğurlar arzuladı.
Məzunların ünvanına direktor müavini Azər Abdullayev, müəllimlərdən Gülnarə İsmayılova, Şəhla Səmədova, Sayalı Məmmədəliyeva, Həbibə Nəcəfova, Dursun Kazımova və digərləri səmimi sözlər söylədilər, yetirmələrinə təhsildə və şəxsi həyatlarında xoşbəxtlik və nailiyyətlər dilədilər.
Məktəbin məzunu Cavid Əliyevə Təhsil Nazirliyinin coğrafiya fənni üzrə keçirdiyi müsabiqənin III fəxri yerini tutduğuna görə Diplom, bir qrup idmançı şagirdə isə şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev Fəxri fərman və hədiyyələr təqdim etdi.
Sonda məzunlar maraqla izlənən flaşmob və müasir rəqslər sərgilədilər. Yeni tədris ilində məktəbin birinci sinfinə daxil olacaq 50 nəfər kiçik fidanlar isə səmimi şeirləri, nəğmə və rəqsləri ilə alqış qazandılar.
Ən həyəcanlı an gəlib çatdı – məzunları məktəbdən ayıran və gələcəyə səsləyən Son Zəng çalındı. Məzunlar öz müəllimlərini rəqsə dəvət etdilər.
.