17.06.2016

Kədər və sevinci bir arada yaşadıq

1 nömrəli tam orta məktəbdə ilin Son Zəng tədbirini məktəbin direktoru Xalidə Əzizova açaraq vurğuladı ki, Azərbaycanda təhsilin inkişafı dövlət başçısının fəaliyyətinin başlıca prioritetidir. Ölkədə təhsilə, gənclərin hərtərəfli inkişafına yüksək səviyyədə önəm verilir, təhsil millətin gələcəyi olduğu kimi, siz gənclər də Azərbaycanın gələcəyisiniz.

Mərasimdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Məmmədova, Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova, Valideyn Komitəsinin sədri Niyaz Hüseynov məzunların qonağı oldu. “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı onlara ən xoş arzularını yetirərək, qeyd etdi ki, məzunların orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında uğur qazanacağına, öz müəllimlərinin, valideynlərinin adına layiq müvəffəqiyyətlər sərgiləyəcəklərinə inanır.

Məktəbin müəllimlərindən Aftandil Mikayılov, Gülşən İsmayılova və başqaları məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladılar.

Məzunlarımızın, körpə fidanların rəngarəng şeirləri və şən mahnıları, flaşmobları tədbirə xüsusi gözəllik verdi. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi Son Zəngin sədaları eşidildi. Məzunlar məktəblə və müəllimləri ilə vidalaşaraq xatirə şəkli çəkdirdilər. Bu xatirə şəkli saf və təmiz şagird qəlblərinin dərinliklərində hələ uzun müddət qalacaqdır.

Onu da qeyd etmək lazımdır ki, 2015-2016-cı tədris ilində 1 nömrəli tam orta məktəb üzrə 45 nəfər XI sinfi bitirir, 35 nəfər IX sinif şagirdinə şəhadətnamə verilib. Yeni tədris ilində 90 nəfər birinci sinif şagirdlərinin məktəbə qədəm basacağı gözlənilir.