2015-2016-cı tədris ili də başa çatmasına baxmayaraq Şəhər 5 nömrəli tam orta məktəbdə yola salınmış tədris ilinin mənzərəsini bir daha gözdən keçirmək, görülmüş işlərdən danışmaq, gələcək planlar barədə fikir mübadiləsi aparmaq idi. Bir qədər də konkretləşdirsək, məktəb direktorunun ənənəvi hesabat yığıncağı keçirilirdı.
Yığıncağın keçirildiyi zalın girəcəyində məktəbin istedadlı şagirdlərinin müxtəlif mövzularda çəkdiyi şəkillərdən, həmçinin müxtəlif səviyyəli idman yarışlarında qazandıqları kubok və medalların yer aldığı sərgilər bu yığıncağa nə qədər böyük önəm verildiyindən, elə bu səbəbdən də yaxşı hazırlaşıldığından xəbər verirdi.
Məktəbin pedaqoji kollektivinin iştirak etdiyi tədbiri direktor Zərxanım Əhmədova açdı. Bildirdi ki, məktəbin pedaqoji şuraları ildə üç dəfə-birinci və ikinci yarımillikdə, bir də hesabat yığıncağında toplaşır. Onun çıxışında məktəbin maddi-texniki bazası, burada tədrisin təşkili, şagirdlərin təlim və idman nailiyyətləri, ali məktəblərə qəbul üzrə nəticələr, pedaqoqların uğurları ilə bağlı faktlar yer alırdı.
Z.Əhmədova geniş çıxışında həm də Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondu ilə əməkdaşlıqlarına və məktəbdə yaradılmış “Kiçik Akademiya”nın da fəaliyyətinə geniş yer vermişdi.
Direktor yığıncaq iştirakçılarına bir yenilik haqqında da məlumat verdi. Səriştəli müəllim hazırlığına yol rəqabətdən başlanır, məktəbdə rəqabət mühitinin formalaşdırılması zərurətdir, deyən Z.Əhmədova bu məqsədlə məktəbin yeni saytının, Müəllim Şurasının yaradılması işinə başlandığını söylədi. Vurğuladı ki, bu saytın digərlərindən fərqi ondan ibarət olacaqdır ki, orada yalnız fənn müəllimlərinin reytinq cədvəlləri əks olunacaq. Bunun üçün məktəb ekspert qrupu da yaradılmışdır. Reytinq cədvəli hər tədris ilinin sonunda fənn müəlimlərinin nailiyyət hədəfləri əsasında 20-dək meyara uyğun tərtib ediləcəkdir. Ekspert qrupu dərs ilinin sonunda hesabat yığıncağında reytinq cədvəli ilə bağlı nəticələri elan edəcəkdir.
Diqqətə çatdırılan bir yenilik isə məktəbin yubileyi münasibətilə bülletenin hazırlanması haqqında məlumat oldu. Bülletenin yeni tədris ilinin əvvəlinə, müəllimlərin sentyabr konfransınadək hazır olacağını bildirən natiq sonra məktəbin son iki il ərzində əldə etdiyi uğurlu nəticələrə diqqət çəkərək bildirdi:- Bu müddət ərzində dövlət başçısı məktəbimizlə bağlı 4 sərəncam imzalamışdır. Məktəbin məzunu Aysel Zeynallı Prezident təqaüdünə, tarix müəllimi Əmiraslan Bəşirov “Əməkdar müəllim” və “Ən yaxşı müəllim” fəxri adlarına layiq görülüb, məktəbin özü isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi adını alıb.
“Ən yaxşı müəllim ən çox çalışan müəllimdir”,-deyən direktor il ərzində 73 müəllimin dərslərində iştirak etdiyini dedi və xüsusi qeyd etdi ki, qarşıdan gələn tədris ilində dərs bölgüsü zamanı o dərslər zamanı aldığı qənaətlər nəzərə alınacaq.
Göstərdiyi bu diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Z.Əhmədova qazanılan nailiyyətlərin qürurunu yaşadıqlarını, amma arxayınlaşmadıqlarını da xüsusi qeyd etdi.
Sonra söz məktəbin müəllimi, məktəb Valideyn Şurasının sədri, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyevə verildi. O, sadalanan uğurlar münasibətilə həmkarlarını təbrik etdi, onlara daha böyük hədəflər naminə fəaliyyətlərində nailiyyətlər arzuladı.
Məktəb direktorunun tədris işləri üzrə direktor müavini (rus bölməsi üzrə) Ülviyyə Məmmədova hesabat dövründə məktəbin rus bölməsi siniflərində tədrisin keyfiyyəti, şagirdlərin uğurları, müəllim Şərafət Rəhimi isə ibtidai siniflər üzrə məktəbdaxili imtahan haqqında danışdı.
Hesabat yığıncağında Şəhər Təhsil Şöbəsinin məsləhətçisi Etibar Məmmədov iştirak edirdi.