30.06.2016

Sağlam həyat tərzi cəmiyyətin əsasıdır. 

            Xaldan kənd kompleks tam orta məktəbində Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası Rayon Polis Şöbəsi ilə birgə 26- iyun BMT-nin narkotiklərlə mübarizə gününə həsr olunmuş tədbir keçirib. Xaldan və ətraf kəndlərdən gəlmiş vətəndaşların, məzunların, müəllimlərin, valideynlərin, yerli icra, bələdiyyə və dini icma qurumlarının rəhbərlərinin dəvət olunduğu tədbiri ŞİH Başçısının birinci müavini, Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Qənimət Qaraşov açıb. Q.Qaraşov çıxışında bu təhlükəli bəladan danışaraq, ona qarşı mübarizədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixdə imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, möhtərəm  Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı  bu Sərəncamdan irəli gələn vəzifələr rayonumuzda uğurla həyata keçirilir. Natiq məktəb kollektivləri və ictimaiyyətlə keçirilən görüşləri də bu sahədə qarşıda duran vəzifələrin tərkib hissəsi kimi dəyərləndirib.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov isə narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifələrdən danışıb.  Onu da vurğulayıb ki, memarı ulu öndərimiz olan müstəqil  ölkəmizdə sağlam  həyat  tərzinə, bu günkü gəncliyin  ümidverici  sabahına dəhşətli maneə olan narkomaniyaya qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanları, eləcə də valideynlər, məktəblərin pedaqoji kollektivləri və ictimaiyyət nümayəndələri əlbir fəaliyyət göstərməli, belələrinin aşkar olunub ictimai qınaq obyektinə çevrilərək düzgün yola qaytarılmasına, yaxud məsuliyyətə cəlb olunmasına çalışmalıdırlar. V.Müslümov çıxışını rayonumuzun ərazisində bu sahədə aparılan profilaktiki tədbirlərdən faktların dili ilə danışmaqla yekunlaşdırıb.

Sonra “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı videoçarx nümayiş etdirilib.

Həkim-narkoloq Saleh Səfərov narkomanlığa aludə olmuş, ondan asılı vəziyyətə düşərək sağalmaz xəstəliyə düçar olmuş gənc və yaşlı nəslin nümayəndələrinin  acı taleyindən danışıb. Valideynləri və kollektivləri daim gənclərin davranışlarına nəzarət etməyə, onların uyuşdurucu maddələrdən istifadə edənlərin, belə bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olanların təsiri altına düşməmələri  üçün daim ayıq- sayıq olmağa çağırıb.

Xaldan kənd dini icmasının sədri Hacı Vaqif Xəlilov bu günkü tədbirin aktuallığını diqqətə çatdıraraq onu yüksək dəyərləndirib. Bildirib ki, müqəddəs dinimiz İslam, müqəddəs kitabımız “Qurani-Kərim” hər bir müsəlmanı təmizliyə, halallığa, haram əməllərdən uzaq olmağa, din qardaşlarına, böyüyüb, boya-başa çatdığı vətənə, doğma torpağa sevgi, sədaqət və məhəbbətə sağırır. Bu hisslərlə yaşayıb, ömür sürənləri haqqın yolunda olduğunu deyir.

Xaldan kənd kompleks tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Şahin Kərimov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü çatdırdı və onu da bildirdi ki, bu cür tədbirlərin ümumtəhsil məktəblərində mütəmadi keçirilməsi xüsusilə gənc nəslin sağlam, hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli dövlətçiliyimizə daim sədaqətli vətəndaş kimi formalaşmasına həlledici təsir edir.

Sonda tədbir iştirakçılarına narkomaniyaya qarşı mübarizədən bəhs edən bukletlər paylanıb.