Birgül Sultanova əslən gözəl Qarabağımızın füsunkar guşələrindən biri olan Ağdamın Qiyaslı kəndindəndir. Lakin bu məsum qızcığaz da milyonlarla soydaşlarmızdan biri kimi doğma yurdlarından kənarda- 2002-ci ildə Yevlaxda dünyaya göz açıb. Ağdamın şəhərimizdə yerləşən 23 saylı tam orta məktəbinin VIII sinfində təhsil alan Birgül qız rəfiqələrindən fərqli olaraq kiçik yaşlarından idmanın sərbəst güləş növünə böyük maraq göstərib. Və bu niyyətlə də Yevlax Şəhər Təhsil Şöbəsinin Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsininin tərkibinə yazılıb. O, dərslərini də nümunəvi hazırlamaqla yanaşı Tofiq Tağıyevin məşq- çiliyi ilə idmanın yüksək texnika və peşəkarlıq tələb edən növü ilə məşğul olmağa başlayıb. Hazırda Birgülün sorağı respublikamızın sərbəst güləş növü üzrə qızlardan ibarət yığma komandasının tərkibindən gəlir. O, tanınmış qız pəhləvanlarımızla birgə öz peşəkarlığını artırır və böyük yarışlara hazırlaşır. Birgül xanım bu səviyyəyə keçmiş SSRİ-nin idman ustası Tofiq Tağıyevin səmərəli məşqçilik fəaliyyəti sayəsində çatıb. Güc toplayıb, texniki kombinasiyalar işlətməyi, döşək üzərində rəqibi ram etməyi öyrənib. Məhz bu göstəriciliərinə görə qruplararası, rayon və zona birinciliklərində qalib adını qazanıb. Son nəticədə respublika yığma komandasının tərkibinə dəvət olunub. Qaçqın ailəsinin pəhləvan cüssəli qızı onu doğma el-obalarına həsrət qoymuş erməni yağılarının acığına Azərbaycan bayrağını dünya səviyyəli yarışlarda ucaldacağını, lazım gələrsə vətənin azadlığı naminə gücünü və qabiliyyətini əsirgəməyəcəyini bildirir. Qnyaz kişi fəxr edə bilər ki, belə cəsarətli, mətin və yenilməz qız atasıdır. Birgül xanım, sizə ürəyinizcə seçdiyiniz idman yarışmalarında daha böyük qələbə sevincləri arzulayırıq.