Şəhər 4 nömrəli məktəb şəhid məzunu Qənbər Məhərrəmovun adını daşıyır. Ümumilikdə isə şəhid məzunlarımızın sayı 16-dır. Biz onları unutmuruq, unudulmağa da qoymuruq. Şəhidlərin xatirəsinə məktəb binasının önündə ucaldılmış xatirə kompleksi müəllimli-şagirdli məktəb kollektivinin hər biri üçün müqəddəs yerdir. Bir qayda olaraq hərbi vətənpərvərlik mövzusunda tədbirləri tez-tez keçiririk. Dərs ilinin yekunlarında “Vətənə layiqli oğul gərəkdir” mövzusunda keçirilən tədbir də bu sıradandır.
İlk olaraq onu qeyd edim ki, hər zaman olduğu kimi, tədbirə bütün siniflərin şagirdləri toplaşmışdı. İnsan ürəyinə fərəh gətirən bir qələbəlik vardı.
Tədbirdə ilk söz məktəbin direktoru Mehriban İmanovaya verildi. O, çıxışında zorla cəlb edildiyimiz Qarabağ müharibəsindən, işğal altında olan cənnətmisal ərazilərimizdən, Xocalı soyqırımından, öz dədə-baba yurdlarından qaçqın düşmüş soydaşlarımızın başına gətirilən müsibətlərdən, nəhayət, bu ilin aprel ayının əvvəllərində milli ordumuzun əsgərlərinin erməni təxribatına verdiyi layiqli cavabdan, uğurlu hərbi əməliyyatlar zamanı həyatını itirmiş qəhrəmanlarımızdan danışdı və ulu öndərimiz Heydər Əliyevin belə bir fikrini iştirakçılara çatdırdı: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır. Vətən birdir və hamı da bu Vətən uğrunda çalışmalıdır”.
Sonra M.İmanova bu günkü tədbirin qonağını təqdim etdi. Bu, məktəbimizin məzunu Elnur Xaliqzadə idi.
Elnur Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə bir il Əfqanıstanda olmuş, sülhməramlı əməliyyatlarda iştirak etmiş, Həmid Kərzai adına Beynəlxalq Müdafiə Qüvvələri qrupunda ləyaqətli xidmətinə görə medalla təltif olunmuşdur. Belə bir həmyerlimizin, həm də məktəbimizin yetirməsinin çıxışı tədbir iştirakçılarının hər biri tərəfindən böyük maraqla qarşılandı. Elnur kəşfiyyat istehkamçısı kimi keçdiyi xidmətdən söz açdı, həmişə işi, əməli ilə xalqımızın, Vətənimizin adına layiq olmaq üçün çalışdığını söylədi, gəncləri cavadlı və cəsur olmağa səslədi. Müharibəyə cəlb olunmuş bir ölkə kimi Azərbaycanımızın igid, qorxmaz oğullara ehtiyacı olduğunu vurğuladı.
Tədbirdə çıxış edən müəllimlər-İlham Abbasquliyev, Sevil Səfərəliyeva, Rəşadə Teymurova, Kəmalə Eminli, Şəfaqət Əlizadə, Sevinc Məmmədova Elnur kimi məzunlarımızla fəxr etdiklərini bildirdilər, ona fəaliyyətində uğurlar arzuladılar.
Həmyerlimiz, gənc zabit Natiq Əliyevin qələmə aldığı və səsləndirilən şeir tədbirin ovqatını tamamlayırdı:
Vətən həsrətdədir, vətən dardadır,
Ucadan çağırır: -Oğlum hardadır?
Millətin qeyrəti Qarabağdadır,
Vətənə layiqli oğul gərəkdir!