06.10.2016

Şəhər Təhsil Şöbəsində müəllimlər günü qeyd edildi.

Azərbaycanın bütün guşələrində olduğu kimi Yevlaxda da müəllimlərin  peşə bayramı yüksək səviyyədə, sevərək, sevilərək, ehtiramla, bu sənət sahiblərinə dərindən hörmət hissi ilə bayram edildi.

ŞTŞ-nin geniş akt zalına toplaşan müəllimlərin çöhrəsindən bayramın gətirdiyi səmimi ovqat oxunurdu və bir-birini təbrik edən  həmkarlar bu günün sevincini doya-doya yaşamağa həvəsli görünürdülər.
         Azərbaycanın Dövlət Himnini müəllimlər ifa edirlər və bundan sonra söz alan ŞTŞ-nin müdiri Zərifə Məmmədovanın ilk sözü bura toplaşanları və onların simasında Yevlaxın bütün müəllimlərini əziz bayram münasibəti ilə ürəkdən, səmimiyyət yağan kəlmələrlə təbrik etmək olur.

Z.Məmmədova sonra öz çıxışında dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan təhsil islahatlarından, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası, təhsildə uğurlu nəticələrin əldə olunmasına, keyfiyyətin yüksəldilməsinə və davamlı inkişafına etibarlı zəmin yaradılmasından söz açır.

Onun bu sözləri isə öz bayramlarını qeyd etmək üçün bir araya gələn müəllimlərin coşqun alqışlarına səbəb olur: “Bu gün rayonumuzun pedaqoji ictimaiyyəti bayramı yüksək fərəh və qürur hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə şəhər 2 nömrəli tam orta məktəbin direktoru Mirismayıl Seyidovun “Tərəqqi” medalı ilə təltif edilməsini, rayonumuzun pedaqoji ictimaiyyətinin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndiririk.

Dövlət başçısının Sərəncamları ilə son illər ərzində rayonumuzun 13 nəfər müəlliminin “Əməkdar müəllim” adına, 11 nəfər müəllimin “Tərəqqi” medalına layiq görülməsi, təhsil nazirinin əmri ilə 4 nəfərin “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanı, 2 nəfərin Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilməsi, şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi, respublikanın əməkdar müəllimi Əmiraslan Bəşirov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olaraq 5.000 manat məbləğində pul mükafatına layiq görülməsi müəllim əməyinə dövlət tərəfindən verilən qiymətin əyani təzahürüdür”.

Daha sonra məruzəçi təhsil işçilərinə bayram günündə qazanılan nailliyyətləri xatırlatdı: – 2016-cı ildə məktəbləri bitirən 1078 şagirddən 543 nəfəri ali məktəblərə sənəd vermiş, 281 nəfər məzun, o cümlədən, sənəd verənlərin 51,7 faizi ali məktəblərə daxil olmuşdur. Ümumilikdə ötən ilin məzunları ilə birlikdə  316 nəfər ali məktəblərə qəbul olmuşdur, bu isə ötən ildən 14 nəfər çoxdur. Keyfiyyət göstəricisinə görə də ötən ilə nisbətən daha yüksək nəticələr əldə edilmişdir. 2014-15-ci dərs ilində 10 nəfər 600-dən, 24 nəfər isə 500-dən yuxarı bal topladığı halda, 2015-16-cı tədris ilində 600-dən çox bal toplayanların sayı 19 nəfər, 500-dən çox bal toplayanların sayı isə 32 nəfər olmuşdur.

Şəxsiyyətin, vətəndaşın yetişdirilməsinin Azərbaycanda  təhsil siyasətinin əsasını təşkil etdiyini, pedaqoji prosesin uğurlu təşkilində müəllim əməyinin aparıcı rol oynadığını qeyd edən Z.Məmmədova öyrədənlərə, ustadlara, həyata vəsiqə verənlərə bir daha öz vacib və gərəkli işlərində böyük uğurlar, parlaq nailiyyətlər arzuladı.

            Sonra Aran qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Yusif Cəfərov, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Pərvanə Qarayeva, şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Raziyyə Mikayılova, şəhər 3 nömrəli tam orta məktəbin direktor müavini Xalid Əliyev bildirdilər ki, hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimin ehtiramlı imici formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.

Müəllimlər qarşısında çıxış edən “Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı müəllim adının qəlblərdə oyatdığı kövrək, səmimi, duyğusal hisslərdən qısa və lakonik tərzdə bəhs etdi, bu sənət sahiblərinin qaşısında hər zaman ehtiramla baş əydiyini vurğuladı.

ŞİH Başçısının müavini  Elnarə Məmmədova müəllimləri bayram günündə ŞİH Başçısı Qoca Səmədovun adından ürəkdən təbrik edərək, onlara işlərində uğurlar, cansağlığı və səadətlər dilədi.

Sonra rayonun pedaqoji ictimaiyyətinin bir qrup qabaqcıl nümayəndəsinə ŞİH və ŞTŞ-nin təsis etdiyi Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi.

Və bununla da Yevlaxın baş müəllimi Zərifə xanım demişkən, tədbirin rəsmi hissəsi başa çatdı, onun daha maraqlı və yaddaqalan bədii hissəsi başladı. Şəhər Mədəniyyət və Turizm Şöbəsinin istedadları, Yevlax bülbülləri Rəşad, Vasif və Rəşad, eləcə də onları müşayiət edən instrumental ansambl özlərinin ən gözəl şərqilərini əziz müəllimlərimizə ərməğan etdilər, gözəl melodiyalar oxuyaraq, Azərbaycanın sevilən milli rəqslərini səsləndirdilər. Öz bayram günlərində şən ovqatları ilə seçilən müəllimlər qol götürüb oynadılar, sevinclərini, səmimi duyğularını paylaşdılar.

ŞİH Başçısı Aparatının rəsmisi Vaqif Əliyev bu duyğusal və unudulmaz bayram tədbirini özünəxas bir deyimlə sonuclandırdı: “Siz həmişə bizimləsiz, biz də sizin yanınızda olmaqla xoşbəxtik”!