17.10.2016

İdman məktəbinin yeni bir uğuru daha...

Ölkəmizdə, eləcə də doğma şəhərimizdə idmanın kütləviliyinə, gənc nəslin  fiziki cəhətcə sağlam və gümrah böyüməsinə göstərilən müstəsna diqqət və qayğı bu sahədə ilbəil   qazandığımız   uğurların başlıca rəhnidir. Ona görə də doğma  vətənimizin dünyada   idman  ölkəsi kimi  tanınması və məşhurlaşması  artıq  inkar edilməzdir. İdmanın sambo, “Yunan-Roma”, taekvando, sərbəst güləş,karate, cüdo və bir sıra digər növləri ilə məşğul olan neçə-neçə  həmyerlimiz müxtəlif səviyyəli yarışlarda  ölkəmizi və rayonumuzu ləyaqətlə təmsil  etməklə  idmansevərlərin dərin rəğbətini qazanırlar.

Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsində respublikanın əməkdar  məşqçisi Naib Balaşovun çalışdırdığı Aslan Fərhad  oğlu Mirzəyevdir. Aslanın dediyinə görə həyatında  ilk dəfə qələbə sevincinin ləzzətini 2005-ci ildə- səkkiz yaşı olarkən Mingəçevir şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilmiş zona birinciliyində görüb və o vaxtdan da bu estafeti davam etdirmək, daha  möhtəşəm zəfərlərə imza atmaq  naminə taktiki, texniki  və fiziki kamilliyini artırmaq yolunu tutub.

Bir çox təltiflərin, mükafatların, kubokların sahibi olmuş, dünyanın  müxtəlif ölkələrində keçirilmiş mötəbər yarışların idman arenalarında   üçrəngli bayrağımızı yüksəklərə  ucaltmış həmyerlimiz Aslan doğma şəhərə yenə də əlidolu qayıdıb. Osetiyanın Alaniya şəhərində Rusiya   İdman Cəmiyyətinin cüdo üzrə düzənlədiyi açıq birinciliyinə dəvət almış  Aslan orada da  respublikamızın  idman şərəfini çox  yüksək  səviyyədə qorumuşdur. Rusiya Federasiyasının yüzdən artıq, o cümlədən dünyanın bir sıra ölkələrinin komandalarının təmsil olunduğu qarşılaşma yaş  fərqi olmadan çəki dərəcəsinə uyğun keçirilirdi. Həmyerlimiz 19 yaşlı Aslan 90 kiloqram çəki dərəcəsində özündən yaşca böyük olan peşəkar  idmançılarla əlbəyaxa olmuşdur.  Onun birinci rəqibi rusiyalı, ikincisi ermənistanlı, üçüncüsü gürcü, dördüncüsü qırğız, nəhayət beşincisi yenə də rusiyalı olub. Daha mübariz  ruhda və qələbə əzmi ilə meydana   çıxan Aslan rəqiblərinin hamısını  təslim olmağa vadar etmiş, bununla da öz çəki dərəcəsində açıq birincilik yarışının qızıl medalını və kubokunu qazanmışdır.

Enlikürək, sağlam bədənli, çöhrəsi təbəssümlü Aslan Alaniyada 3 gün davam edən bu yarışdan qayıtdıqdan sonra dərhal redaksiyaya gələrək öz qələbə sevincini “Kür”ün çoxsaylı oxucuları ilə bölüşmək arzusunda olduğunu bildirdi. Biz də onun bu arzusuna böyük məmnuniyyətlə əməl edərək gələcək yarışlarda da uğurlarının sayını artırmaq istəyimizi  çatdırırıq.