14.10.2016

Müşfiqin uğuru..

Şəhər Uşaq-Gənclər  İdman  Məktəbinin təcrübəli məşqçi – müəllimi, keçmiş SSRİ- nin idman ustası Tofiq Tağıyevin yetirməsi Müşfiq Ocayevin sorağı bu dəfə respublikamızın dağlar qoynunda yerləşən Şamaxı şəhərindən gəldi. Şəhər 4 nömrəli tam orta məktəbin şagirdi 14 yaşlı Müşfiq respublika yığma komandasının tərkibində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə Şamaxıda düzənlənən beynəlxalq turnirə qatılıb. İlk öncə Yevlaxlı idmansevərlərin diqqətini daha maraqlı nüansa yönəldərək onları Oleq Krapivinin avtobioqrafiyası ilə tanış edirik. Oleq Şamaxıda doğulub boya-başa çatmış, uzun illər respublikamızın idman şərəfini qorumuş, hətta dünya çempionu zirvəsinə yüksəlmişdir. Hazırda Ukraynada dövlət rəsmisi kimi xidməti vəzifədə müstəqil respublikamızı təmsil edir.

Gəncliyində idmanın sərbəst güləş növü üzrə mötəbər yarışlarda doğma respublikamız Azərbaycana şan-şöhrət gətirmiş Oleq Krapivinin şərəfinə onun dünyaya göz açdığı Şamaxı şəhərində beynəlxalq turnirə start verilməsi  doğrudan da çox qürurverici haldır və bu onu göstərir ki, Vətənimizdə idmana və idmançılara müstəsna diqqət və qayğı var.

Son dərəcə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda tamaşaçılar pəhləvanların bir-birindən fərqlənən kombinasiyalarla güləş üslublarını izləmişlər. Üç gün-oktyabrın 8-dən 10-dək davam edən turnirdə həmyerlimiz Müşfiq Ocayev də 58 kiloqram çəkidə uğurlu çıxışlar edərək onunla döşək üzərində əlbəyaxaya çıxan rəqibləri üzərində  inamlı qələbə qazanmışdır.

Nəticədə balaca pəhləvan turnirin qızıl medalına və kubokuna sahib olmuşdur.

Həmyerlilərimizin bir-birininin ardınca müxtəlif səviyyəli yarışlarda rayonumuzu ləyaqətlə təmsil etmələri onu göstərir ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlaxda da idman özünün çiçəklənmə dövrünü yaşayır.