Şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə təşkil olunmuş tədbir belə adlanırdı. Tədbiri məktəbin tarix müəllimi Bəsti Səlimova hazırlamışdı.
Məktəbin səliqəli və işıqlı akt zalında keçirilən tədbir məktəblilərin şövqlə ifa etdikləri “Azərbaycanlıyam” mahnısı ilə başlandı.
Bəsti Səlimova ilk olaraq çıxış etdi. Xalqımızın milli sərvəti olan müstəqilliyimizin 25 illiyi münasibətilə toplaşanları təbrik etdi və sözü məktəblilərə verdi.
Aparıcılar-Aytac Mirhəsənzadə və Hikmət Fərəcov Azərbaycanın keşməkeşli tarixinin ayrı-ayrı səhifələrindən söz açdılar. Tomrisi, Cavanşiri, Babəki, Şah İsmayıl Xətaini yada saldılar, onların millət, vətən və xalq qarşısındakı fədakarlıqlarından danışdılar. Onların çıxışlarını məktəblilərin qəhrəmanlığı, şücaəti, yurd sevgisini vəsf edən şeirləri tamamlayırdı.
Xronoloji ardıcıllıqla tarixi vərəq-vərəq gözlər önünə gətirən ssenaridə Azərbaycanın yaxın keçmişinə daha çox yer verilirdi. Qeyd olunurdu ki, bir əsrdə ölkəmiz iki dəfə müstəqillik qazanıb. 1918-ci ildə Azərbaycan Şərqdə müstəqillik qazanan ilk müsəlman dövləti olmuşdur. Amma onun ömrü çox qısa olmuşdur. Əsrin sonlarında isə xalq bir kərə yüksələn bayrağını bir daha qaldırmağa müvəffəq olmuşdur. Yenə də müstəqilliyimiz üçün təhdidlər yaranmışdı. Amma məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində müstəqilliyimiz xilas olmuş, ulu öndərin söylədiyi kimi, əbədi, dönməz olmuşdur. Artıq 25 ildir ki, Azərbaycan özgürdür, suverendir. Ölkəmiz ulu öndərin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır.
Yüksək ovqata köklənmiş tədbirdə məktəblilərin hazırladıqları kiçik səhnəciklər maraqla qarşılanırdı. Şagirdlər İlkin Quliyev, Hidayət Muxtarov, Cəlil Əhmədli. Ülkər Qəribova, Nigar Hüseynova, Arzu Süleymanova, Nihat Sarıyev tədbirin canlı və baxımlı keçməsində fərqlənənlərdən oldular.