Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ etmək, onları zərərli qidalar barədə məlumatlandırmaq, sağlam gənc nəslin yetişməsinə töhfə verməkdir. Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində sağlam həyat tərzi üçün yeniyetmə və gənclərin istifadə etməməli olduqları zərərli qidalardan bəhs edən bukletin təqdimatı keçirilib.
Bu gün Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib. Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir, çoxunda doymuş yağ vardır. Bu da insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Eyni zamanda kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Aparılmış araşdırmalar göstərir ki, hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu barədə buklet Yevlax rayonunda orta məktəb şagirdlərinə paylanacaq.