14.11.2016

Bayrağımız, mənliyimiz, vüqarımız

Dövlət Bayrağı Günü münasibəti ilə 4 saylı  tam orta məktəb Heydər Əliyev Mərkəzi ilə birgə “Bayrağımız, mənliyimiz, vüqarımız” mövzusunda rəngarəng proqramlı tədbir keçirmişdir.

            Heydər  Əliyev Mərkəzinin konfrans zalında düzənlənmiş tədbiri  Mərkəzin böyük elmi işçisi Günel Zamanlı açmış, sözü 4 saylı tam orta məktəbin direktor müavini-tədbirin təşkilatçısı Sərdar Məmmədova vermişdir.

Sərdar müəllim Azərbaycanın müstəqilliyinin və suverenliyinin rəmzi olan   Dövlət Bayrağı haqqında iştirakçılar qarşısında geniş və əhatəli məruzə ilə çıxış etmişdir. O, öz çıxışında hələ ötən  əsrin əvvəllərində, 98 il bundan öncə ucaldılmış müstəqilliyimizin və dövlətçiliyimizin əsas atributu üçrəngli bayrağımızın tarixdə  ikinci dəfə ulu öndərin yorulmaz  fəaliyyəti  və siyasi uzaqgörənliyi ilə yenidən Naxçıvan Ali Məclisinin binası üzərində dalğalandırıldığı barədə məktəbliləri məlumatlandırmış, böyüməkdə olan gənc nəsli memarı və yaradıcısı ümummilli lider olan doğma vətənimizi sevməyi, dövlətimizə və dövlətçiliyimizə daim sədaqətli  olmağı tövsiyə  etmişdir. O. çıxışını ulu öndərin: “Azərbaycan Bayrağı sadəcə bayraq deyil o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir… Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” kimi  müdrik kəlamlarını  iştirakçıların diqqətinə  çatdırmaqla yekunlaşdırmışdır.

4 saylı tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova bayrağımızın müqəddəsliyindən, müstəqilliyinə qovuşmuş Azərbaycan xalqının tarixi  keçmişindən, Dövlət Bayrağımıza sonsuz   sevginin və  rəğbətin bariz  nümunəsi olaraq möhtərəm Prezidentimiz  İlham Əliyev  cənablarının  sərəncamı ilə paytaxtda Bayraq Meydanının  inşa olunmasından, Meydanın  ən uca zirvəsində üçrəngli Dövlət Bayrağımızın məğrurla dalğalanmasından iftixar hissi ilə  danışmışdır.

            Sonra şagirdlərdən Jalə Məmmədova, Nigar Mahmudova,Fidan İsazədə, Ülviyyə Teymurzadə, Elmir Həsənli, Nəzakət Məmmədova Vətənimizi, Bayrağımızı, Ulu  Öndəri, azadlığımız  və  ərazi  bütövlüyümüz  uğrunda  döyüşlərdə həlak olmuş şəhidlərimizi vəsf  edən şeirlər söyləmiş, ədəbi-bədii  kompozisiyalar ifa etmişlər.Tədbir Aysel Əzimovanın ifa etdiyi “Azərbaycan Bayrağı” mahnısı ilə yekunlaşmışdır.

 


Açar sözlər: