Dekabrın 23-də Təhsil Şöbəsinin yeni inzibati idarə binasının təntənəli açılışı oldu. Heydər Əliyev prospektində ucaldılmış üçmərtəbəli, müasir standartlara cavab verən, həmçinin istilik sistemi, elektron, kompüter avadanlıqları, komfort mebellər və inventarlarla təchiz olunmuş Yevlaxın təhsil ocaqlarının mərkəzi öz milli memarlıq üslubu və arxitektura görkəmi ilə də fərqlənir. Şəhər rəsmilərinin, pedaqoji kollektivlərin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova açdı.
O, öz çıxışında ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 12 ildə ölkəmizdə təhsilin inkişafına göstərdlyi diqqət və qayğıdan böyük qürur hissi ilə danışdı.Dövlət himni ifa olundu. Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova tribuna önünə keçdi. O, ölkə başçısının milli təhsilimizin dünya təhsilinə inteqrasiya etməsi istiqamətində həyata keçirdiyi möhtəşəm islahatların səmərəli nəticəsindən faktların dili ilə danışdı. Əlavə etdi ki, Yevlaxın təhsil işçilərinin istifadəsinə verilən və təntənəli açılışına toplaşdığımız yeni inzibati idarə binası rayonun pedaqoji və şagird kontingentinə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təhsilə göstərdiyi qayğının parlaq nümunəsidir.Respublikanın əməkdar müəllimi, Akademik M.Mehdizadə mükafatının laureatı, ölkə Prezidentinin 21 dekabr 2015- ci il tarixli sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin ilk yevlaxlı qalibi olmuş 5 nömrəli tam orta məktəbin tarix müəllimi Əmiraslan Bəşirov rayonumuzun təhsil ictimaiyyəti adından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına ən xoş duyğularını çatdırdı. Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov çıxışına qarşıdan gələn gözəl bayramlar ərəfəsində istifadəyə verilən Şəhər Təhsil Şöbəsinin inzibati idarə binasını möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Yevlaxın təhsil işçilərinə ən yaxşı töhfəsi kimi qiymətləndirməklə başladı. Onu da iştirakçıların nəzərinə çatdırdı ki, müstəqil respublikamızda təhsilə göstərilən qayğı ölçüyəgəlməz dərəcədə yüksəkdir. Hamımız canlı şahidik ki, son bir neçə il ərzində şəhərimizin 1, 2, 3, 10 saylı məktəbləri tamamilə yeni layihələr əsasında tikilib istifadəyə verilib. Bu xeyirxah missiya rayonumuzun kənd və qəsəbələrində də intensiv davam etdirilir ki, bu da dövlət başçısının təhsilə qayğısının tərkib hissəsidir. ŞİH Başçısı yeni Təhsil Şöbəsinin açılışı münasibətilə təhsil işçilərini təbrik edərək onlara müstəqil dövlətimizə layiq bilikli. savadlı, yüksək intellektli vətəndaş yetişdirmək kimi məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzuladı.Açılış lenti kəsildikdən sonra ŞİH Başçısı və onu müşaiyət edənlər Şəhər Təhsil Şöbəsinin iş otaqları ilə yaxından tanış oldular. Tədbir iştirakçıları binanın foyesində nəfis şəkildə, yüksək zövqlə tərtib olunmuş ulu öndərin mənalı həyatının bir neçə anını və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının siyasi fəaliyyətini əks etdirən foto-stendlərə maraqla tamaşa etdilər.