Bu günlərdə unudulmaz xalq şairi, ölməz sənətkar Səməd Vurğunun anadan olmasının 110-cu ildönümü münasibətilə Kövər kənd tam orta məktəbində rəngarəng proqramlı yubiley tədbiri düzənləndi. Məktəbin geniş akt zalında keçirilən tədbiri giriş sözü ilə direktor Sevda Kərimova açaraq qonaqları və tədbirin təşkilatçılarını salamladı. Dil-ədəbiyyat müəllimi İradə Həsənzadə tükənməz yaradıcılığında Nizami dühasından, Vətən sevgisindən, doğma yurdun füsunkarlığından güc alaraq şeyir-sənət aləmində coşub-çağlamış, məhəbbət və gəzəllik şairi Səməd Vurğunun həyat və yaradıcılığı barədə geniş və əhatəli məlumat verdi.
Məktəblilər bir-bir səhnəyə çıxaraq şairin könülləri riqqətə gətirən, gözəlliyi tərənnüm edən şeirlərindən parçaları şövqlə Azərbaycan, rus. ingilis və alman dillərində səsləndirdilər.
Sonra İradə müəllimənin təşkilatçılığı, ssenarisi, verdiyi səhnə quruluşu əsasında teatrlaşdırılmış parçalar göstərildi.
Tədbirin sonunda Şəhər Təhsil Şöbəsinin metodisti Sirac Sarıyev çıxış edərək poeziya dünyasının korifeyi, təbiət vurğunu, məhəbbət aşiqi, müdrik və fəlsəfi fikirlərdən yoğrulmuş saysız-hesabsız poema, dram, pyes. ritorik şeirlər və qəzəllər ustadı Səməd Vurğun yaradıcılığına xalq məhəbbətindən danışdı.
Tədbiri məktəbin direktoru Sevda Kərimova yekunlaşdıraraq Vurğun poeziyasının işığına yığışmış hər kəsə təşəkkürünü bildirdi.