05.05.2016

Unudulmaz şair anıldı.  

Respublikanın əməkdar müəllimi, 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Leyla Səlimovanın quruluş verdiyi bu tədbiri şairin 110 illik yubileyi ilə yanaşı həm də vətənpərvər ruhlu bir toplantı da adlandırmaq olardı.

Burada iştirakçılar məktəbin müəllimləri və yuxarı sinif şagirdləri idi. Leyla müəllimə sanki bu tədbirlə məktəbin toplantı iştirakçısı olan şagirdlərinə vətənpərvərlik, yurda bağlılıq dərsi keçirdi.

Müəllimə ilk öncə toplantıya qatılanlara korifey sənətkarın mənalı həyat və zəngin yaradıcılığı barədə faktlara söykənən bilgi verdi. Sonra estafet məktəbin sazlı-sözlü yetirmələrinə ötürüldü. Onlar “Səməd Vurğun və vətənpərvərlik” adlanan ədəbi-bədii məclisi sözbəsöz, şeirlərlə süslənmiş, şairin çox sevdiyi sazın təranələrinin müşayiəti ilə dinləyənlərə təqdim edirdilər.

Böyük ekranda xalqımızın əzbər bildiyi “Azərbaycan” poemasından bir bənd səsləndi. Özü də Ulu Öndər Heydər Əliyevin ifasında. Və aparıcının söylədiyi – 34 illik idarəçiliyi dövründə heç kövrəlməyən ulu öndər Səməd Vurğunun şeirini söylərkən kövrəldi – sözləri alqışlarla qarşılandı.

Burada şairin Vətən sevgisinə söykənən,  Ana Torpağa, Bahara, igid Azərbaycan əsgərinə, qəhrəmanlara həsr olunan ilhamlı şeirlərini Gültac Abdullayeva, Yusif Yusifov, Aygün Fərəcova, Nərgiz Məmmədova, Eldəniz Məcnunov, Nurlana Xəlilli, Namiq Xasıyev, Səbinə Hüseynova və başqaları səsləndirdilər.

Məktəbin qocaman müəllimi Bayram Əliyevin şair haqda xatirələri iştirakçıların marağına səbəb oldu. Şagirdlərin şairin “Vaqif” dramından səhnələşdirdiyi bir parça diqqətlə dinləndi.

Səməd Vurğunun vətənpərvər ruhlu şeirləri məktəbin VIII sinif şagirdi Səlim Bəhmənovun məharətlə çaldığı sazın sədaları altında qəlbləri oxşadı.

Onu da qeydə dəyər ki,  ədəbi-bədii məclisin cərəyan etdiyi bu müddət ərzində divardakı böyük ekranda  qəhrəman ordumuzun, igid, mərd əsgərlərimizin erməni işğalçılarından azad etdiyi strateji yüksəklikdə-Lələtəpədə üçrəngli Azərbaycan bayrağı əzəmətlə dalğalanırdı.

 


Açar sözlər: