Şəhər Təhsil Şöbəsində ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Məktəb direktorlarının və müəllim kontingentinin iştirak etdiyi elmi-praktik konfransı giriş sözü ilə Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açdı. Şəhər 1 nömrəli tam orta məktəb şagirdlərinin və konfrans iştirakçılarının dövlət himnimizi birgə ifalarından sonra elmi-praktik konfrans öz işinə başladı. İlk öncə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirildi.
Sonra tribuna önünə çıxan 2 saylı tam orta məktəbin müəllimi, respublikanın əməkdar müəllimi Leyla Səlimova “Dünya Azərbaycanlılarının ümummili lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin ömür yolu nəsillərə nümunədir” mövzusunda geniş və əhatəli məruzə ilə çıxış etdi.
O, öz çıxışında ümummilli liderin çoxşaxəli ömür yolundan zəngin dövlətçilik təcrübəsindən, siyasət aləmində qazandığı möhtəşəm uğurlardan, Azərbaycanın qoca Şərqin qapısında müstəqil, suveren və qüdrətli dövlətə çevrilməsi naminə misilsiz xidmətlərindən böyük qürur hissi ilə bəhs etdi, 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova, Qaraoğlan kənd tam orta məktəbin direktoru Ağalar Həsənov, Xaldan kənd kompleks tam orta məktəbin direktor müavini Əfrasiyab Həsənov və başqaları məruzə ətrafında çıxış edərək ulu öndər haqqında ən xoş xatirələrini və fikirlərini dilə gətirərək, siyasət aləminin korifeyinin ölməz ideylarının, təhsil konsepsiyalarının möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilərək Vətənimizi daha nurlu sabaha apardığını sonsuz qürur hissi ilə vurğuladılar.
Tədbirin sonunda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək fəxrlə vurğuladı ki, əbədiyaşar liderin ölməz xatirəsinin böyük təntənə ilə qeyd olunması məhz qədirbilən xalqımızın qəlbindən qaynaqlanan istək və arzudur.
Tədbirin sonunda ulu öndərin anadan olmasının 93-cü ilönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərininin adı açıqlandı və onlara iştirakçıların təntənəli alqışları altnda mükafatlar təqdim olundu.