“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi şəhər 5 nömrəli tam orta məktəbində “Tolerantlıq nədir?” mövzusunda Dəyirmi Masa söhbəti baş tutub.
Tədbiri məktəbin direktoru Zərxanım Əhmədova açaraq bildirmişdir ki, qloballaşan dünyamızda bu mövzu ən aktual məsələlərdən biri olaraq gündəmdən düşmür. Heç də təsadüfi deyildir ki, dövlətimizin başçısı İlham Əliyev özünün məruzə, nitq və bəyanatlarında multikulturalizm, mədəniyyətlərarası dialoq, dini dözümlülük məsələlərinə kifayət qədər diqqət yetirir və bu sahədə Azərbaycanın təcrübəsindən bir sıra dövlətləri nümunə almağa dəvət edir. Təəssüf ki, Qərb dövlətlərinin saxta dəyərlərini müsəlman ölkələrinə ixrac cəhdləri, ikili standartlar tətbiq etməsi, ksenofobiya, islamofobiya kimi zərərli təbliğat üsullarından istifadə etməsi planetimizdə təhlükəli tendensiyalar yaratmaqdadır. Bu da bir sirr deyildir ki, Qərb missionerləri müsəlman ölkələrində sünni-şiə qarşıdurması yaratmağa can atır. Bununla əlaqədar süni yolla yaradılmış radikal qruplara külli miqdarda vəsait xərcləyir ki, bu isə öz növbəsində bir sıra müsəlman ölkələrində ciddi konfliktlərə, silahlı münaqişələrə və faciələrə səbəb olur.
Daha sonra Dəyirmi Masanın digər iştirakçılarından Afaqət Cəfərova, Əmiraslan Bəşirov, Elmar İsmayılov, Orxan Baxşəliyev, Sevda Abışova söz alaraq tolerantlıq mövzusunda öz fikirlərini dəvətlilərlə bölüşdülər. Tədbirdə ŞTŞ-nin məsləhətçisi Sirac Sarıyev çıxış edərək müzakirə edilən mövzunun məktəblilərin dünyagörüşünün artmasında və tərbiyəsində necə böyük əhəmiyyət daşıdığını vurğuladı.