01.01.1970

Əməkdar müəllim  “Ən yaxşı müəllim” də oldu.

Əmiraslan Bəşirovla 2014-cü ilin oktyabrında görüşmüşdük. O, ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görüləndə. İndiki görüşümüz isə “Ən yaxşı müəllim” adını qazanması ilə bağlı idi. Təvazökarlıqla, “Bir cümlə ilə təbrik etməyiniz yetər”,-dedi. Amma söhbətimiz maraqlı alındı.-Bilirsiniz,-deyə ilk olaraq özü çözə başladı,-dövlət başçısı tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülməyim məni çox sevindirdi, lakin bir arzum da var idi.  Bilirsiniz ki, dövlət başçısınin imzaladığı Sərəncamla 2007-ci ildən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilir. Elə o vaxtdan da mən dörd dəfə həmin müsabiqələrdə iştirak etsəm də, istənilən nəticəni əldə edə bilməmişdim. Fikirləşirdim ki, ən yaxşı müəllim ola bilmirəmsə, necə əməkdar müəllim adını haqq edə bilərəm. Və səylərimi durmadan artırırdım. Beşinci cəhddə istəyimə nail oldum.Ə.Bəşirov qalibi olduğu müsabiqəni innovativ müəllim hazırlığında ən mühüm dövlət tədbiri kimi dəyərləndirdi. Bildirdi ki, olduqca ciddi, qiymətləndirmələri çox sanballı təhsil ekspertləri tərəfindən həyata keçirilən müsabiqədə 0,1 balın çatmaması iştirakçının uduzması deməkdir.Həmsöhbətimiz  söylədi ki, bu ilki müsabiqəyə respublikanın müxtəlif bölgələrindən 600-ə qədər müəllim sənəd vermişdi ki, onlardan yalnız 143-cü müsabiqəyə buraxıldı. Müsabiqənin şərtinə görə ikinci mərhələdə iştirakçı müəllim Bakı məktəblərindən birində dərs deməli, sonrakı mərhələdə isə Təhsil Nazirliyinin təşkilat komitəsinin qarşısında 10 dəqiqə ərzində təqdimat etməlidir.Bütün mərhələlərdən uğurla keçən Əmiraslan Bəşirov 19,18 bal toplayaraq “2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsi”nin 100 qalibi sırasında yer alıb.                                       

Əmiraslan müəllim qazandığı uğuru bütünlükdə rayonun, çalışdığı 5 nömrəli tam orta məktəbin uğuru kimi qiymətləndirdi. Onu da xüsusi vurğuladı ki, Zərxanım Əhmədovanın direktorluğu dövründə qazandığı nailiyyətlər təkcə Yevlaxın tarixində deyil, ümumilikdə Azərbaycan təhsilinin tarixində yeganədir. Baxın, 2014-cü ilin sentyabrında məktəbimizin məzunu Aysel Zeynallı ali məktəbə qəbul imtahanlarında topladığı yüksək bala görə Prezident təqaüdünə, mən isə “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Ardınca məktəbimiz “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi oldu. 2015-ci ilin 21 dekabrında isə mənim adım  “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi kimi Prezidentin imzaladığı Sərəncama düşdü. Bütün bunlar tədris üçün, müəllim üçün yaradılan ən yaxşı şəraitin, eyni zamanda yaxşı rəhbərliyin nəticəsidir.“Müsabiqədə yenidən iştirak etməyi düşünürsünüzmü” sualıma cavabında Əmiraslan müəllim söylədi ki, qalibin bir də beş ildən sonra müsabiqədə iştirakı mümkündür. O, yerli həmkarlarına da belə müsabiqələrdə tez-tez iştirak etməyi məsləhət gördü: “-Bu müsabiqə yeniliklərin öyrənilməsi üçün ən ideal mərkəzdir”.                                                                       

Sonda Əmiraslan Bəşirov qəzetimiz vasitəsilə Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına təşəkkürlərini çatdırmağı xahiş etdi.

 


Açar sözlər: