01.03.2016

Zabit olmaq arzusu

        

Məktəbimizin məzunlarının peşə seçərkən hərbi sahəyə üstünlük verməsi son illərin ən diqqətçəkən hadisələrindəndir. Məzunumuz olan Mədət Süleymanovun, Kənan Həsənovun, Mirkazım və Ceyhun Əyyubov qardaşlarının  əvvəl C.Naxçıvanski adına hərbi liseydə təhsil alması, sonra müvəffəqiyyətlə imtahan verərək Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olaraq təhsillərini davam etdirməsi, şərəfli zabit adını alaraq ləyaqətlə xidmət etməsi hər birimiz üçün fəxrdir. Fəxr edirik və həm də çox sevinirik ki, bu gün məktəbimizdə onların ardıcılları yetişməkdədir. Bu günlərdə keçirilən tədbirdə bunu daha aydın görmək olurdu. Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə şöbənin müdir müavini Fəyaz Vəliyev, məsləhətçilər Etibar Məmmədov və Abay Kərimov yuxarı siniflərdə təhsil alan oğlanların qarşısındakı çıxışlarında Azərbaycanın hərb tarixindən, onun görkəmli nümayəndələrinin həyatından, fəaliyyətindən ətraflı söz açdılar. Bildirdilər ki, Ermənistan tərəfindən işğala məruz qalan bir ölkə olaraq Azərbaycanın mükəmməl biliyə, bacarığa, hərtərəfli fiziki hazırlığa malik hərbçilərə böyük ehtiyacı var. Bu ehtiyacı  ödəmək Azərbaycan oğullarının ən ümdə vəzifəsidir.Çıxışçılar daha sonra ulu öndərin respublikada hərb sənətinin inkişafındakı rolundan danışdılar, hərbi liseyin və ali hərbi məktəbin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün gördüyü işlərdən, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısından bəhs etdilər.Sonra şagirdlərə C.Naxçıvanski adına hərbi lisey və ulu öndər Heydər Əliyevin adını daşıyan Ali Hərbi Akademiya haqqında çəkilmiş sənədli film nümayiş etdirildi.Tədbirdə 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kamil Həmzəyev, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İlham Abbasquliyev və bu sətirlərin müəllifi çıxış edərək belə əhəmiyyətli tədbirin keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.

Yuxarı sinif şagirdlərindən Rüfət Ələkbərov, Tural Əliyev və başqaları zabit olmaq arzularından söz açdılar, bunun üçün elmlərə daha mükəmməl yiyələnəcəklərinə söz verdilər.

 

 

     


Açar sözlər: ,  ,