Aprelin 15-də şəhər 1 saylı tam orta məktəbin geniş akt zalında “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə Respublika Təhsil nazirliyinin birgə hazırladıqları proqrama uyğun keçirilən tədbirin əsas iştirakçıları həmin məktəbin IX, X, XI sinif şagirdləri. onların valideynləri, Şəhər Təhsil Şöbəsinin nümayəndəsi və peşə məktəblərinin rəhbərləri idi. Tədbiri giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Hacıyev açdı. O, rayonun iqtisadiyyatına müvafiq peşə seçmək üçün mövcud əmək bazarı haqqında məlumat verərək əmək bazarında kəskin ehtiyac duyulan ixtisas və peşələrin təsnifatını iştirakçıların diqqətinə çatdırdı.
Tədbirdə iştirak edən Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə və təlim mərkəzinin rəhbəri Elnur Tağıyev öz çıxışında qeyd etdi ki. insan həyatının ən taleyüklü məsələlərindən biri də onun erkən yaşlarından qəlbinin istəyincə peşə, sənət və ixtisas seçməsidir. Lakin çoxumuz şahidi olmuşuq ki, bu sahədə düzgün seçim etməyənlər sonradan öz səhvlərini anlayır. Lakin həmin səhvi düzəltmək isə artıq gec olur. Məhz ona görə də dövlətimiz ölkənin hər bir vətəndaşınının, xüsusən, lap erkən yaşlarından, yeniyetmələrin, və məktəbli gənclərin peşə, ixtisas və sənət seçməsinə yardımçı olmaq, onlara düzgün istiqamət vermək kimi aktual məsələlərə ciddi önəm verir.
Natiq onu da vurğuladı ki, uşaqların peşə seçimində valideynlər və müəllimlər də fəal kömək göstərməli, lakin onları sevmədikləri peşəyə, ixtisasa yiyələnməyə təhrik etməməlidirlər.
Nazirliyin peşə və təlim mərkəzinin psixoloqu Natella Əliyeva isə peşə seçməkdə psixorloji durumun və xüsusiyyətlərin nəzərə alınması zəruriliyindən danışdı. Xüsusilə vurğuladı ki, insanın öz peşəsini düzgün seçməməsi onlarda özünə inamsızlıq, psixoloji gərginlik yaradır. Və ona görə də peşə seçərkən tələsməməli, insanın həyat kredosu olan bu seçimdə səhvə yol verməməlidir.
Axırda şagirdlər arasında “Nə üçün həmin ixtisası seçirsən?” mövzusunda maraqlı interaktiv sorğu keçirildi və onlara “Peşəyönümü məsləhətləri üzrə metodiki vəsait” paylandı. Direktor Xalidə Əzizova maraqlı tədbiri yekunlaşdıraraq təşkilatçılara məktəbin pedaqoji kollektivi və şagird kontingenti adından təşəkkürünü bildirdi.