08.09.2017

Yevlax Təhsil işçilərininin Sentyabr konfransı keçirildi.

Əvvəlcə konfrans iştirakçıları şəhərin mərkəzi meydanına gəldilər və ulu öndərin abidəsini ziyarət edərək, qarşısına gül dəstələri qoydular.

Sentyabrın 8-də Ulu öndərin adını daşıyan Sarayda keçirilən konfransı Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açdı və  2016-2017-ci  dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi.

Təhsilə dövlət qayğısı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin əməyinin stimullaşdırılması, icbari təhsilin səviyyəsi, buraxılış imtahanlarının nəticəsi, ali və orta ixtisas məktəblərinə, o cümlədən ali hərbi məktəblərə və hərbi liseyə qəbul, olimpiada və müsabiqələrdə rayon məktəblilərinin iştirakı, təhsilin yüksəldilməsi istiqamətində görülən işlər, məktəbdənkənar tərbiyə və s. məsələlər barədə ətraflı danışan Z.Məmmədova uğurlarla yanaşı nöqsanlardan da söz açdı, qarşıdan gələn tədris ilindəki vəzifələr barədə məlumat verdi.

Sonra məruzə ətrafında çıxışlar oldu. 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova, ilk pedaqoji fəaliyyətə Qaraoğlan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq başlayan Ana Kərimova, ali məktəblərə qəbul imtahanlarında ən yüksək (681) bal toplayaraq tələbə adını qazanan 5 nömrəli tam orta məktəbin məzunu Nigar Məmmədova, Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Şahmar Məmmədov yeni tədris ili münasibətilə toplaşanları təbrik etdilər, ötən tədris ilinin uğurlarından söz açdılar.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov konfrans iştirakçıları qarşısındakı çıxışına Şəhər Təhsil Şöbəsinin müdirinin məruzəsinə münasibət bildirməklə başladı. Qeyd etdi ki, məruzənin diqqətli araşdırmalar aparılaraq hazırlanması onun əhatəliliyi, rayon təhsilinin aydın mənzərəsini dolğun əks etdirməsi ilə diqqət çəkir. Daha sonra o, Azərbaycan təhsilinin bugünkü vəziyyəti, gələcək inkişaf perspektivləri haqqında fikirlərini bölüşdü, yeni təhsil proqramının tətbiqi məsələlərindən danışdı, rayonun pedaqoji ictimaiyyətinə qarşıdan gələn tədris ilində uğurlar arzuladı.

Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov da öz növbəsində rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Bildirdi ki, təhsilin inkişafına diqqət və qayğı bu gün yüksək səviyyədədir. Bu sahədə ildən-ilə artan uğurlar, qazanılan nailiyyətlər bunun təsdiqidir. İnkişaf Yevlax təhsilinin nümunəsində də özünü göstərir. Ali məktəblərə qəbul  imtahanlarında 600 və 500-dən artıq bal toplayaraq ali məktəblərə daxil olanların sayının dinamik artımı bunun nümunəsidir.

Sonda ali məktəblərə qəbul imtahanlarında 600 və 500-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edildi.