Azərbaycan airi Abbas Səhhətin dilimizdə əzbərə çevrilən şeirində belə bir misra var:
Vətəni sevməyən insan olmaz…
Mənsə deyirəm ki, Vətəni başdan-başa gəzəndə, onun hər dağına, daşına, flora və faunasına bələd olanda bu sevgi daha böyük, daha əzəmətli olur. Amma etiraf etmək lazımdır ki, müxtəlif səbəblərdən heç də hamımız bu güllük-gülüstan Vətənimizi başdan-başa gəzib-dolaşa bilmirik. Çox sevinir və təqdir edirəm ki, bu gün biz məktəblilər üçün belə bir imkan yaradılır. “Ölkəmizi tanıyaq!” tur-aksiyası imkan verir ki, biz respublikamızın şimallı-qərbli, cənublu-şərqli bütün bölgələrini tanıyaq.
Bu günlərdə yevlaxlı məktəblilərin ölkənin cənub bölgəsinə bu tur-aksiya çərçivəsində səfərinin iştirakçıları arasında mən də vardım. Biz Lənkəran, Astara və Lerik rayonlarında olduq. Bu rayonların təkrarsız təbiət mənzərələri, şirin ləhcəli qonaqpərvər insanları unudulmazdır. Dörd günlük səyahət zamanı bu rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, son illər görülən tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri ilə tanış olduq.
Heç unutmaram. Lənkəranda ilk olaraq ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzə getdik. Bizi çox xoş qarşıladılar. Olduqca maraqlı gəzintidən sonra “Qafqaz-Sahil” mehmanxanasında yerləşdik.
Bu gün səyahəti bütün detalları ilə, həm də məmnunluqla xatırlayıram. Amma inanıram ki, uzun illər sonra da mən Lənkəranda Hirkan Milli Parkına, Xanbulaq gölünə, bu yerlərin məşhur çay plantasiyalarına, sitrus meyvə bağlarına, Bayraq meydanına, Gənclər Mərkəzinə, Qoşa Qala qapılarına, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Lerikdə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq və Uzunömürlülər muzeylərinə, “Relax” İstirahət Mərkəzinə, Astarada yenə də ulu öndərin adını daşıyan Mərkəzə, Gənclər Mərkəzinə, bulvara, Yanar bulağa, Astara çay fabrikinə olan səyahəti, burada əldə etdiyim bir-birindən maraqlı məlumatları unutmayacaq, məmnunluqla xatırlayacağam.
Bu tur-aksiya biz məktəblilərə ölkəmiz haqqında biliklər əldə etməyə və yaxşı mənalı dincəlməyə şərait yaratdı. Hər kəsə məlumdur ki, “Ölkəmizi tanıyaq!” maarifləndirici tur-aksiya ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənablarının tapşırığına əsasən həyata keçirilir. Odur ki, mən öz adımdan və tur-aksiyanın bütün iştirakçıları adından dövlətimizin başçısına göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.