05.04.2016

“Zərifə xanım Əliyeva-93”  İntellektual bilik yarışı keçirilmişdir.

        Aprelin 28-i Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum günüdür. Müstəqil Azərbaycanımızın yaradıcısı və memarı ulu öndərin vəfalı ömür-gün yoldaşı, insanlara təmənnasız sevinc, ziya bəxş edən, humanist, alicənab, fədakar ana, gözəl insan Zərifə xanım Əliyevanın əziz xatirəsi hər bir azərbaycanlının qəlbində, yaddaşında yaşayır. Hər il bu müdrik insanın nurlu  xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Zərifə xanım Əliyevanının xatirəsinə tədbirlər keçirilməsini ənənəyə çevirib. Komitənin əməkdaşları ənənəyə sadiq qalaraq bu il də Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş respublika üzrə intellektual yarış keçirir. Bu məqsədlə Azərbaycanın 9 regionunda hər bir şəhər və rayon məktəblərinin XI sinif şagirdlərini təmsil edən komandaların iştirakı ilə intellektual bilik yarışlarının regional seçim turları keçiriləcək. Həmin yarışlarda qalib olanlar Bakı şəhərində keçiriləcək final turuna vəsiqə alacaqlar. Komitə intellektual bilik yarışmasına ilk olaraq  martın 29-da şəhərimizdə start verdi. Şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən yarışda respublikanın Mingəçevir, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Ağdam, Ucar, Ağdaş, Naftalan, Göyçay şəhər və rayonlarını təmsil edən məktəblilər iştirak edirdilər. Onu da xatırladaq ki, hər bir komandanın tərkibi dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 nəfər XI sinif şagirdindən ibarət formalaşdırılmışdı. İlk öncə seçim turunun iştirakçıları Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” filminə baxdılar. Sonra Şəhər Təhsil Şöbəsinin metodkabinetinin direktoru Xaləddin Niftəliyev Zərifə xanımın xatirəsinə həsr olunmuş  əlamətdar tədbirin şəhərimizdə  keçirilməsindən məmnunluğunu bildirdi və iştirakçılara bilik yarışmasında uğurlar arzuladı.Yarışın nizamnaməsinə uyğun olaraq finalda I, II, III yeri tutan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Seçim turunda komandamızın tərkibində 3 nömrəli tam orta məktəbin XI a sinif şagirdi Fərid Salehli, 4 nömrəli tam orta məktəbin XIb sinif şagirdi Əli Həsənli, 7 nömrəli tam orta məktəbin XIc sinif şagirdi Azad Kərimli, 9 nömrəli tam orta məktəbdən isə  XI a sinif şagirdi Şəms Səfərəliyeva ilə XI b  sinif şagirdi Sevinc Sadıqova intellektual bilik yarışmasına qoşulmuşdular.

 

 


Açar sözlər: ,