Bu günlərdə şəhid Polad Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində “Xalq Ordunun gücünə inanır” mövzusunda tədbir keçirildi. Vətənimizin ərazi bütövlüyü uğrunda mənfur ermənilərlə qanlı döyüşlərdə əbədiyyətə qovuşmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən, Azərbaycanın Dövlət himni ifa olunduqdan sonra məktəbin VIII- XI sinif şagirdlərinin iştirak etdiyi tədbir öz işinə başladı. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi mövzusuna həsr olunmuş tədbirdə məktəbin direktoru Ağalar Həsənov çıxış etdi. Vurğuladı ki, memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil dövlətimizə 12 ildir ki, dünyagörüşü, müstəqil siyasi baxışları, qətiyyəti və iradəsi ilə beynəlxalq arenada tanınaraq səs və söz sahibi olan, respublikamızı Cənubi Qafqaz regionunda qüdrətli və güclü dövlətə çevirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları rəhbərlik edir. Bu illər ərzində möhtərəm Prezidentimizin yürütdüyü müdrik daxili və xarici siyasəti, yorulmaz fəaliyyəti Azərbaycanı sürətli və dinamik inkişaf yoluna çıxarmış, sosial və iqtisadi həyatımızın bütün sahələrində möhtəşəm uğurlara imza atılmışdır.
A.Həsənov onu da qürur hissi ilə dilə gətirdi ki, cəbhədə baş verən son hadisələr ölkəmizin hər bir vətəndaşının ruh yüksəkliyini, qələbəyə, ordumuzun yenilməzliyinə inamını daha da artırdı. Məktəbin müəllimlərindən Raziyə Bəkirova, Anar Həsənov və başqaları gənc nəsildə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında müəllim və valideynlərin üzərinə düşən vəzifələrdən danışdılar.
Tədbirə dəvət olunmuş Qarabağ müharibəsinin veteranı Babaş Kərimov isə vaxtilə keçdiyi döyüş yolu, vətən uğrunda şəhid olan əsgər yoldaşlarnın misilsiz şücaəti barədə maraqlı, eyni zamanda acılı-şirinli xatirələrini danışdı.
Şagirdlərdən Rizvan Musayev, Nuray Məmmədli, Saniyə Musayeva, İbrahim Muradov, Məhəmməd Allahyarov, Dünyamin İbrahimov, Şəbnəm Mikayılova və başqaları məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirin onlarda vətənpərvərlik hisslərini daha da artırdığını dilə gətirməklə, lazım gələrsə müqəddəs torpaqlarımızıın azad olunması naminə Vətənin çağırışına daim hazır olduqlarını bildirdilər.
Tədbir şagirdlərin hazırladığı mübarizliyə və rəşadətə səsləyən ədəbi-bədii kompozisiya ilə başa çatdı.