04.11.2022

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhəri Dövlət Dram Teatrında 8 Noyabr – Zəfər Gününün ikinci ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.

Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Əvvəlcə Mingəçevir şəhəri Şəhidlər Xiyabanı və Ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Tədbirdə qonaqlar Dram Teatrın foyesində nümayiş olunan sərgilərə baxıblar. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Təhsil İdarəsinin müdiri Elçin Kərimov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatı ilə başlayan və 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoyulduğunu və torpaqlarımızın Azərbaycan Ordusunun gücü və qüdrəti nəticəsində mənfur düşmənin işğalından azad olunduğunu qeyd edib. Elçin Kərimov bildirib ki, Qarabağ müharibəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan 171 nəfər təhsil işçisi iştirak edib. Həmçinin Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə quruculuq və abadlı işlərinin aparıldığını və 29 ildən sonra işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində yeni istifadəyə verilən məktəbdə ilk zəngin çalındığını qeyd edib.

Daha sonra çıxış edən icra başçısı İlham İsmayılov  Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu nəticəsində İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələndiyini və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin artıq ikinci ildir ki, yüksək səviyyədə qeyd edildiyini bildirib.

Sonra çıxış edən müharibə iştirakçıları Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tariximizin ən parlaq səhifəsi və eyni zamanda Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu vurğulayıblar.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.


Açar sözlər: ,  ,