Noyabrın 23-də Kürdəmir şəhəri R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə mina təhlükəsizliyinə dair maarifləndirici görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Əhliyət Adıgözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov, təhsil işçiləri, müharibə veteranları və 250-yə yaxın məktəblilər iştirak ediblər.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş nitqi ilə açan təhsil sektorunun müdiri Rafael Məmmədov çıxış edərək gələn qonaqları salamlayıb, mina təhlükəsizliyi və və partlamamış hərbi sursatlar barədə maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov keçirilən görüşün mahiyyətindən, maarifləndirici əhəmiyyətindən söz açıb, 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsi ilə bitməsini və işğal altında olan torpaqlarımız azad edildiyini qeyd edib.
Daha sonra çıxış edən Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib ki, təhsil müəssisələrində keçirilən bu kimi tədbirlər baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyətli rola malikdir.
Görüşdə iştirakçılara minaaxtaranların fəaliyyəti, mina təhlükəsi və onlardan qorunma üsulları və partlamamış hərbi sursatlar haqqında təqdimat və maarifləndirici videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən Kürdəmir şəhəri R.Quliyev adına 5 nömrəli tam orta məktəbin GÇH rəhbəri, müharibə veteranı Elnur Cəfərov keçdiyi döyüş xatirələrindən danışıb və partlayıcı vasitələrdən qorunmaq barədə şagirdlərə məlumat verib.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri uşaq və gənclərə aşılamaqdan ibarətdir.