2022/2023-cü tədris ilindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 32 ümumi təhsil müəssisəsində summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.
Rəqəmsal summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir.
Rəqəmsal qiymətləndirmə tədris ili ərzində ümumi təhsil müəssisələrinin IV-XI siniflərdə texniki təminat və internet olduğu təqdirdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, gənclərin çağırışaqədərki hazırlığı, texnologiya istisna olmaqla) “Virtual məktəb” platforması üzərindən aparılır. Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir.
Rəqəmsal summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılmasından ibarətdir.
Qeyd edək ki, rəqəmsal formada summativ qiymətləndirmə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhəri üzrə 14, Yevlax rayonu üzrə 7, Ucar rayonu üzrə 5, Göyçay rayonu üzrə 3, Kürdəmir rayonu üzrə 2 və Zərdab rayonu üzrə isə 1 ümumi təhsil müəssisəsində olmaqla, ümumilikdə 32 ümumi təhsil müəssisəsində tətbiq olunur.