Dekabrın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Ağdaş şəhəri Heydər Əliyev adına Mərkəzdə təşkil olunan görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Görüşdə Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək ümumi təhsil müəssisələrinin 2021/2022-ci tədris ili üzrə IX və XI sinif buraxılış imtahanlarının və respublika fənn olimpiadalarının nəticələrindən və bir sıra cari məsələlərdən danışıb. Həmçinin məktəblərin son 3 ilin nəticələrinə və göstəricilərinə dair reytinqləri açıqlanıb və müqayisəli təhlilləri aparılıb. İdarə müdiri bildirib ki, zəif nəticələrin səbəbi araşdırmalı və bununla bağlı planlaşmış müvafiq addımlar atılmalıdır. Elçin Kərimov ümumi təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın qurulması və bunun təhsilin keyfiyyətinin artırılmasında istiqamətində əlverişli və mühüm rol oynacağını bildirib.
Görüşdə idarə müdiri ümumi təhsil müəssisələrində məktəbəhazırlığın təşkilinin vacibliyini vurğulayıb və həmçinin idarəetmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Bundan əlavə görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin həyata keçirdiyi “Vətənimə virtual səyahət” adlı təqdimat müsabiqəsinin qalibləri, “Biz tədris ilinə belə hazırlaşırıq, bəs siz?” adlı layihəsində fərqlənən məktəblər və eyni zamanda SAF-2022 Beynəlxalq STEAM Azərbaycan Festivalında fəal iştirak edən komandaların müəllimləri Diplom və Təşəkkürnamələrlə təltif ediliblər.