Dekabrın 14-də Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsi çərçivəsində qalib olan "Region psixoloqlarının əsas həyat bacarıqları marafonu" adlı layihənin bağlanış mərasimi keçirilib.
Mərasimdə Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, layihə eksperti Etiram Sadıqzadə, təhsil işçiləri, ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin müəllifi Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudova tədbir iştirakçılarına qrant müsabiqənin, xüsusi ilə bu layihənin əhəmiyyət və mahiyyətindən danışıb. Eyni zamanda çıxış edənlər bildirib ki, layihənin məqsədi regionlarda fəaliyyət göstərən psixoloqların müasir praktiki biliklərini artırmaq və “Həyat bacarıqları” psixoloji təlim proqramı üzrə həmin psixoloqları təlimləndirməkdən ibarətdir.
Daha sonra tədbir iştirakçıları ilə layihə çərçivəsində müxtəllif mövzular üzrə fikir mübadiləsi aparılıb. Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, "Region psixoloqlarının əsas həyat bacarıqları marafonu" adlı layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi layihələr kateqoriya üzrə qalibi olub.