Fevralın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və təltifə layiq görülən təhsil işçiləri iştirak ediblər.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək təltifə layiq görülən təhsil işçilərini təbrik edib. İdarə müdiri elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri və ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 26 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. İdarə müdiri bildirib ki, həmin əmr və sərəncamlara əsasən 8 nəfər müəllim “Tərəqqi” medalına, 4 nəfər müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda 6 nəfər müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 8 nəfər müəllim isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.
Çıxışının sonunda İdarə müdiri dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda təhsil işçilərinə dövlət təltifləri təqdim olunub və xatirə şəkli çəkdirilib.