18.02.2023

Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri keçirilir

Fevralın 17-də Mingəçevir şəhəri R.Mirabov adına 7 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrində təhsilalan şagirdlər arasında narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Zeynəb Balakişiyeva, polis əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Polis Şöbəsinin rəisi polis polkovniki Ədalət Əliyev çıxış edərək son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar tədbirləri barədə şagirdləri məlumatlandırıb. Eyni zamanda Ədalət Əliyev şagirdləri sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb, gənclərə daim diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Daha sonra polis əməkdaşları və narkoloq həkim Zeynəb Balakişiyeva “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularında çıxış ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində bu istiqamətdə maarifləndirici tədbirlər davam etdirilir.


Açar sözlər: ,  ,  ,