01.03.2023

52 ümumi təhsil müəssisəsi arasında pedaqoji əməkdaşlıq aparılır

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 52 ümumi təhsil müəssisəsi arasında pedaqoji əməkdaşlığa start verilib.

Pedaqoji əməkdaşlıq çərçivəsində görüləcək işlərin təşkili ilə bağlı Fəaliyyət Planına əsasən ilkin olaraq ümumi təhsil müəssisələri və pedaqoji kollektivlə tanışlıq aparılıb.

Qeyd edək ki, fevralın 1-dən başlanılan pedaqoji əməkdaşlıq təlim göstəriciləri yüksək olan təhsil müəssisəsi ilə təlim nəticələri aşağı olan digər ümumi təhsil müəssisəsi arasında təşkil olunub. Həmçinin gələcəkdə bu əməkdaşlığın digər təhsil müəssisələri arasında da tətbiqi və inkişaf etdirilməsi nəzərdə tutulur.

Pedaqoji əməkdaşlığın qurulmasında məqsəd qabaqcıl pedaqoji iş tərcübəsinin öyrənilməsi və yayılması, metodiki işin təşkilinin təkmilləşdirilməsi, məktəblərin və müəllimlərin təcrübə mübadiləsinin təşkil edilməsi və tədrisin keyfiyyətinin artırılmasından ibarətdir.