03.03.2023

Mərkəzi Aran bölgəsinin məktəblərində idman həftəsinə yekun vurulub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi yekunlaşıb.

Elm və Təhsil Nazirliyi tərəfindən 27 fevral - 03 mart tarixlərində keçirilən idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edib, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilib, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılıb.  

Eyni zamanda ümumi təhsil müəssisələrində idman həftəsi çərçivəsində müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.

Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.


Açar sözlər: ,  ,  ,