07.04.2023

İdarə müdiri Ucarda təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Aprelin 7-də Ucar şəhəri Heydər Əliyev Mərkəzində rayonun təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin sektor müdirləri, müvafiq sektor əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Keçirilən görüşü giriş nitqi ilə açan Ucar rayonu üzrə təhsil sektorunun müdiri Rahib Burcəliyev rayonun təhsil müəssisələri və onların fəaliyyəti, eyni zamanda cari ilin müvafiq dövrünədək görülmüş işlər və qarşıya qoyulmuş hədəflər barədə danışıb.

Daha sonra çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov ölkəmizdə son illərdə təhsil sahəsində aparılan islahatlardan danışıb. İdarə müdiri təhsil müəssisələrində idarəetmənin, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas hədəflərdən olduğunu bildirib və bununla bağlı müəssisə rəhbələrinə müvafiq tapşırıqlar verib. Həmçinin tədris prosesinin düzgün idarə olunması, məktəb sənədlərin müvafiq qaydalara uyğun aparılması, o cümlədən keçirilən monitorinqlər və məktəb hesabatlarının hazırlanması ilə bağlı məsələlərə toxunub.

Elçin Kərimov təhsil müəssisələrinin rəhbərlərinə fəaliyyətində planlaşma və nəticəyönümlülüyü əsas götürməyi tövsiyə edib, tədris prosesinin təşkilində müəssisə rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.


Açar sözlər: ,