Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay, Ucar və Zərdab rayonlarının ümumi təhsil müəssisələrinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşlər keçirilib.
Keçirilən maarifləndirmə görüşlərində təhsil sektorlarının müdirləri, müvafiq sektor əməkdaşları, məktəb rəhbərləri, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.