Aprelin 20-də Mərkəzi Aran Regional Təhsil İdarəsində Ulu öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, təhsil işçiləri və media nümayəndələri iştirak ediblər.
Konfransdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözləri ilə açan Təhsil İdarəsinin müdiri Elçin Kərimov ilk olaraq gələn qonaqları salamlayıb və ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafın naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Müstəqil Azərbaycan təhsilinin dinamik, davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Elçin Kərimov dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib.
Daha sonra çıxış edən MDU-nun rektoru, professor Şahin Bayramov Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi islahatlardan, Ulu öndərin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolundan danışıb və zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyevin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını vurğulayıb.
Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin tarixi xidmətlərindən danışan Yevlax RİH başçısının müavini Elnarə Əzizova ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatlarının bu sahənin inkişafında xüsusi mərhələ təşkil etdiyini qeyd edib, 1969-1982-ci illərin həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlandığını və Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bu inkişaf dinamikasının davam etdiyini bildirib.
Çıxış edən YAP-ın Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, təhsil, mədəniyyət, incəsənət və digər sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyevin Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyduğunu və onun siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən bu gün həmin missiyanın uğurla davam etdirildiyini qeyd edib. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən danışıb.
Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən olduğunu və onun ümumi, məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinin inkişafında gördüyü xüsusi xidmətlərindən danışıblar.
Sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub, həmçinin Ulu öndərin 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.