27.04.2023

Mingəçevirdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir!" mövzusunda elmi-bədii konfrans keçirilib

Aprelin 26-da Mingəçevir şəhərində “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir!" mövzusunda elmi-bədii konfrans keçirilib.

Konfransda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ədalət Əliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Məmmədov, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdir Sevinc Həsənova və sektorun əməkdaşları, Mingəçevir Dövlət Universitetinin professor və müəllim heyəti, təhsil müəssisələrinin rəhbərləri, Vətən müharibəsi qaziləri, medai nümayəndələri və müəllimlər iştirak ediblər.

Konfransdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar və konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözləri ilə açan Təhsil İdarəsinin müdiri Elçin Kərimov müasir Azərbaycan təhsilinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, eyni zamanda təhsil sahəsində qəbul edilmiş islahat proqramları ilə ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki bazasının yenidən qurulması və yaxşılaşdırılmasından danışıb.

Daha sonra Mingəçevir ŞİH-nin şöbə müdiri Sahib Məmmədov dahi şəxsiyyətin Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini fəth etdiyini, Azərbaycan təhsilinin inkişaf strategiyasını müəyyənləşdirdiyini və həmin strategiyanın bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən olduğunu və onun ümumi, məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinin inkişafında gördüyü xüsusi xidmətlərindən danışıblar. Eyni zamanda siyasi müstəqilliyin, dövlətçiliyin, azadlığın və istiqlaliyyətin vəhdətindən yaranmış yeni Azərbaycanı bəxş edən Ulu öndər Heydər Əliyevə borclu olduğumuzu və eyni zamanda 44 günlük Vətən müharibəsi ilə 30 ildən sonra özümüzə qayıdan milli qürurumuza, xalqlar sırasında tutduğumuz şərəfli yerimizə və bizi inamla işıqlı gələcəyə aparan milli liderimizə - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını vurğulayıblar.

Konfrans şagirdlərin ifasında rəqs nümunələri, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.


Açar sözlər: