Aprelin 30-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqədə Mərkəzi Aran RTİ üzrə 13 mərkəzdə məktəblilər arası fənn müsabiqələri üzrə 2568 nəfər, Lütfi Zadə adına məntiq olimpiadası üzrə isə 1341 nəfər olmaqla, ümumilikdə 3909 şagird iştirak edib.
Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.
Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.