Mayın 5-də Mərkəzi Aran Regional Təhsil İdarəsində ötənilki və cari tədris ilində ADA Universitetinin təşkilatçılığı ilə ABŞ-ın Vaşinqton ştatında həyata keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramı çərçivəsində təlimlərdə uğurla iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev və sözügedən proqramda iştirak edən təhsil işçiləri iştirak ediblər.
Təhsil İdarəsinin müdiri təhsil proqramında nəzərdə tutulmuş təlimləri uğurla başa vuran müəllimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elçin Kərimov sözügedən təhsil proqramının ingilis dili sahəsi üzrə müəllimlərin bilik və bacarıqlarının formalaşmasında, innovativ müəllimlərin aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Proqramda uğur qazanmış müəllimlər isə onların inkişaflarına dəstək olduqları, həmçinin ingilis dil səviyyəsinin təkmiləşdirilməsində və beynəlxalq tədqiqatların, yeniliklərin öyrənilməsində onlara yaradılan şəraitlə bağlı öz minnətdarlıqlarını bildiriblər.
“Bir Müəllimin Manifesti” təhsil proqramı artıq 2 ildir ki, ADA Universiteti tərəfindən həyata keçirilir. Proqram əyani və onlayn formatda aparılmaqla ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunur.
Qeyd edək ki, “Bir Müəllimin Manifesti” təhsil proqramında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən Yevlax rayonu üzrə 3 və Ağdaş rayonu üzrə isə 1 müəllim təlim proqramını uğurla başa vurub.