17.08.2023

GÇH rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin sənəd qəbulu prosesi davam edir

Avqustun 15-dən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib.

Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 22 avqust 2023-cü il tarixinədək (iş günləri və saatları ərzində) aşağıda qeyd olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- tərcümeyi-hal;

- hərbi biletin surəti (yazılı hissələrinin);

- əmək fəaliyyətini təsdiq edən sənədin surəti (olduğu halda);

- müvafiq təhsil haqqında sənədin və əlavənin surəti;

- Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq sənədin surəti (əgər varsa).

 

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. Test imtahanında namizədlərə 15 ixtisas və 5 ümumi dünyagörüşünün yoxlanılması məqsədilə 20 sual təqdim ediləcək.

Müsabiqədə ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli və ya tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar iştirak edə bilərlər.

Qeyd edək ki,  müsabiqədə uğur qazanmış namizədlər arasından şəhər yerində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan GÇH rəhbəri vəzifəsinə təyinat zamanı yalnız ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli şəxslər,  eləcə də kənd və qəsəbə yerlərində yerləşən ümumi təhsil müəssisələrinə isə təyinat zamanı yuxarı qeyd olunan namizədlərlə yanaşı, tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar təyin olunacaqdır.

Eyni zamanda müsahibə mərhələsində uğur qazanmış namizədlər sırasından vakant yeri seçiminə ilk olaraq şəhid ailəsinin üzvləri, müharibədə əlillik dərəcəsi almış şəxslər və müharibə veteranlarına (iştirakçı) üstünlük veriləcəkdir.

Onu da qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Müsabiqədə iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,