Sentyabrın 15-də Göyçay şəhər M.Füzuli adına 6 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilində Göyçay və Ucar rayon ümumi təhsil müəssisələrində işə yeni təyin olunan bir qrup gənc müəllimlə görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və qeyd olunan rayonların ümumi təhsil müəssisələrində işə yeni təyin olunan bir qrup gənc müəllim iştirak edib.
Görüşdə çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov ilk olaraq yeni tədris ili və yeni istifadəyə verilən Göyçay şəhər M.Füzuli adına 6 nömrəli tam orta məktəbin müəllim kollektivini təbrik edib. O son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Daha sonra çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov işə yeni təyin olunmuş müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Elçin Kərimov bildirib ki, bu gün təhsildə uğur və nailiyyətlərin əldə olunmasında gənc müəllimlərin xüsusi rolu var.
Sonda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.