Sentyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında 2023-cü il üzrə birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.
Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, struktur bölmənin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti iştirak edib.
Tədbirdən öncə şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi-seminarda ilk olaraq ulu öndər Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarxa baxış keçirilib.
Elmi-seminarda çıxış edən MDU-nun rektoru, professor Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb. O Ulu öndərin Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət olduğunu, daim dilimizin və təhsilin inkişafına naminə misilsiz və fədakar işlər gördüyünü qeyd edib. Eyni zamanda Şahin Bayramov bildirib ki, regionda yerləşən təhsil müəssisələri ilə faydalı işbirliyinin gücləndirilməsi MDU-nun prioritet istiqamətləri sırasındadır.
Çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu və təhsil sahəsində başverən hərtərəfli inkişafın Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu qeyd edib. O bildirib ki, cari tədris ilində yeni istifadəyə verilmiş Rəstəcə kənd tam orta məktəbinin Heydər Əliyevin Fondunun sifarişi hesabına tikildiyini və təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturunun yenilənməsi bu inkişafın bariz nümunəsidir.
Daha sonra MDU-nun professor-müəllim heyəti Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri, milli-mənəvi dəyərlərimizin qorunması və Heydər Əliyev irsi milli sərvətimizdir mövzularında elmi-mühazirələrlə çıxış edib, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.