Sentyabrın 25-də Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsindən uğurlu nəticə əldə edərək Mingəçevir şəhər ümumi təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə işə qəbul olunmuş gənc müəllimlərin təntənəli surətdə and içmə mərasimi keçirilib.
Mərasimdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, ümumi təhsil müəssisələrinin rəhbərləri və yeni işə təyin olunmuş gənc müəllimlər iştirak edib.
Mərasimdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edənlər yeni iş təyin olunan gənc müəllimləri təbrik edib, onlara yeni fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli surətdə and içən gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq, öz peşə fəaliyyətlərində vicdanla və şərəflə xidmət göstərəcəklərini, bu şərəfli adı həmişə uca tutacaqlarına söz verib və andiçmənin yazılı mətnini imzalayıblar.
Qeyd edək ki, müəllim andı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"na əsasən aparılır. Həmçinin bu and Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir və müəllimin şəxsi işində saxlanılır.