12.10.2023

Mingəçevirdə təhsil işçiləri ilə #TəhsilMüzakirəsi layihəsinin görüşü keçirilib

Oktyabrın 11-də Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə şəhərin təhsil işçiləri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən başlanılan #TəhsilMüzakirəsi layihəsinin növbəti görüşü keçirilib.

 

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də Mingəçevir şəhərinin ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi iştirak edib.

 

İlk olaraq məktəbin direktoru tərəfindən Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin yekunlarına və görülən işlərə dair hesabatı dinlənilib.

 

Daha sonra görüş zamanı təhsilverənlərin dərs yükü bölgüsü, eyni zamanda təlim-tədris prosesinin düzgün təşkili və idarə olunması ilə bağlı sual, şikayət və təklifləri dinlənilib, eyni zamanda müəllimlərin etik davranış və daxili nizam-intizam qaydalarına riayət olunmaları vurğulanıb.

 

Layihənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirici görüşlərin keçirilməsi, onları maraqlandıran sual, təklif və şikayətlərin yerində dinlənilməsi və həll olunması, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi və inkişafı istiqamətində mühüm addımların atılmasıdır.

 

Qeyd edək ki, layihə davamlı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonda təşkil olunacaqdır.