17.10.2023

Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar

Oktyabrın 17-də “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında 2023-cü il üzrə birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.

 

Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, struktur bölmənin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi veteranları, ümumi təhsil müəssisələrinin rəhbərləri və MDU-nun bir qrup professor-müəllim heyəti iştirak edib.

 

Tədbirdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra məktəbin həyətində təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Elmi-seminarı giriş sözləri ilə açan Kürdəmir RİH-nin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi silinməz iz buraxdığını və onun zəngin dövlətçilik irsinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Elmi-seminarda çıxış edən MDU-nun rektoru, professor Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışıb. O Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, həyata keçirilən uğurlu siyasi tədbirlər sayəsində ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr qət etdiyini, davamlı və dinamik inkişaf yolunda olduğunu vurğulayıb.

Çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu və təhsil sahəsində başverən hərtərəfli inkişafın Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu qeyd edib.

 

Daha sonra MDU-nun professor-müəllim heyəti Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri, milli-mənəvi dəyərlərimizin qorunması və Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir mövzularında elmi-mühazirələrlə çıxış edib, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər.

 

Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib, dahi lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarxa baxış keçirilib.

 

Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.


Açar sözlər: ,  ,  ,  ,