23.10.2023

Mingəçevirdə "Tarix yazan əbədiyaşar lider " mövzusunda elmi-bədii konfrans keçirilib

Sentyabrın 20-də Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Tarix yazan əbədiyaşar lider" mövzusunda elmi-bədii konfrans keçirilib.

Konfransda Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ümumi təhsil müəssisələrinin direktorları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Konfransda çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb və onun zəngin siyasi irsinin bu gün də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Eyni zamanda çıxış edənlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması, bütün sahələrdə yaranan əsaslı dönüş, həyata keçirilən islahatlar barədə danışıblar.

Daha sonra “Heydər Əliyev milli təhsil sisteminin qurucusudur”, “Heydər Əliyev və mili-mənəvi dəyərlərimiz”, “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır” mövzularında çıxışlar olunub, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər.

Konfransda ölkə Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illik yubileyi münasibətilə keçirilmiş Şahmat turnirinin qalibləri mükafatlandırılıb, eləcə də Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan müəllimlərə üzvlük vəsiqəsi təqdim olunub.

Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,