04.11.2023

Kürdəmirdə “Riyaziyyatı tarixə dəyişən qəhrəman!” adlı bilik yarışı keçirilib

Noyabrın 4-də Kürdəmir rayonu Qarasu kənd E.Qurbanov adına tam orta məktəbində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şəhid müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş “Riyaziyyatı tarixə dəyişən qəhrəman!” adlı intellektual bilik yarışı keçirilib.

Bilik yarışında Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən ibarət 7 komanda iştirak edib.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb və ümumi yarış haqqında məlumat verib. Daha sonra şəhid Qoşqar Ömərovun atası, həmin məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov yarış iştirakçılarına uğurlar arzulayıb.

Maraqlı və gərgin keçən yarışda “Mingəçevir” komandası 1-ci yerə, “Zərdab” komandası 2-ci yerə və “Ağdaş” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalar Mərkəzi Aran Regional Təhsil İdarəsinin diplom və kuboku ilə təltif olunub.

Qeyd edək ki, Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2011-ci ildə Kürdəmir rayonu Qarasu kənd orta məktəbini,2011-2015-ci illərdə isə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika müəllimliyi ixtisasını bitirib. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi kimi  pedaqoji fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsi başlayanda qələmi silaha dəyişən Qoşqar Ömərov Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın işğaldan azad olunmasında gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb. O ölümündən sonra cənab Prezidentin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallları ilə təltif olunub.

 


Açar sözlər: ,  ,