04.11.2023

Ucarda daha bir qrant layihənin açılışı olub

Noyabrın 2-də də Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan "RoboMind" layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Ucar rayonu üzrə təhsil sektorunun əməkdaşları, Ucar rayonunun məktəb direktorları və müəllimlər iştirak edib.

Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Qazıqumlaq kənd H.Əliyev adına 2 nömrəli tam orta məktəbin informatika müəllimi Mətanət Rüstəmli qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb. O müasir dövrdə bir sıra ölkələrin təhsil sistemlərinə nəzər saldıqda artıq ənənəvi biliklər sıradan çıxdığını, əvəzinə yeni bilik və bacarıqlar meydana gəldiyini qeyd edib.

Daha sonra çıxış edən layihə eksperti Etiram Sadıqzadə layihənin icrası istiqamətində öz təklif və tövsiyələrini bildirib.

3 ay müddətində həyata keçiriləcək layihə boyunca şagirdlərə müxtəlif təlim və yarışların keçirilməsi, eyni zamanda robot proqramlaşmanın öyrədilməsi nəzərdə tutulur.

Layihənin məqsədi şagirdlərin robotların proqramlaşdırılması ilə bağlı bilik və bacarıqlarının formalaşdırılması, həmçinin məktəblilərdə proqramlaşdırma biliklərinin inkişaf etdirilməsi və robototexnika sahəsində layihələrin keçirilməsi ilə onların məntiqi təfəkkürünü, analizetmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, “RoboMind” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olub.